Rəqəmsallaşma gündəlik həyatımızı sürətlə dəyişir. Bir vaxtlar yalnız fiziki daşıyıcılardan istifadə etdiyimiz xidmətlər artıq mobil telefonlara və rəqəmsal platformalara köçürülür. Bank kartları, ictimai nəqliyyatda ödəniş sistemləri, hətta şəxsiyyəti təsdiqləyən bəzi sənədlər belə tədricən rəqəmsal formata keçir.
Görəsən, yaxın gələcəkdə fiziki identifikasiya vasitələri, lift kartları, bina və ofislərə giriş üçün istifadə olunan qapı kartları da tarixə qovuşacaq? Onların yerini mobil telefonlar, ağıllı saatlar və ya rəqəmsal identifikasiya sistemləri tutacaqmı?
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov AZXEBER.COM-a açıqlamasında deyib ki, gələcəkdə bütün fiziki identifikasiya vasitələrinin tamamilə biometrik sistemlərə inteqrasiya olunması qaçılmazdır:
"Gələcəkdə plastmas qapı və lift kartları da daxil olmaqla, bütün fiziki identifikasiya vasitələrinin tamamilə rəqəmsallaşaraq smartfonlara, ağıllı saatlara və biometrik sistemlərə inteqrasiya olunması qaçılmazdır. Ödəniş kartlarında olduğu kimi, keçid sistemlərində də "bütün ciblər smartfonda" konsepsiyası dünya miqyasında kütləviləşir. Artıq modern otellərdə, biznes mərkəzlərində və müasir yaşayış komplekslərində NFC (Near Field Communication) və BLE (Bluetooth) texnologiyaları sayəsində fiziki kartlara ehtiyac qalmayıb; istifadəçilər telefonlarını oxuyucuya toxundurmaqla və ya hətta cibdə saxlayaraq yaxınlaşmaqla qapıları və liftləri aktivləşdirə bilirlər. Apple və Google kimi texnologiya giqantları da rəqəmsal pul kisələrinə (Wallet) artıq rəsmi olaraq mənzil, otel və ofis açarlarının əlavə edilməsi imkanını inteqrasiya ediblər”.
O qeyd edib ki, dünya təcrübəsində isə həm kartdan, həm də telefondan tam imtina edilərək biometrik keçid sistemlərinə üstünlük verilir:
"Daha irəli gedən dünya təcrübəsində isə fiziki vasitələrdən (həm kartdan, həm də telefondan) tam imtina edilərək biometrik keçid sistemlərinə üstünlük verilir. "Üzünüz sizin açarınızdır" konsepsiyası çərçivəsində binaların girişinə və liftlərə inteqrasiya olunmuş süni intellekt dəstəkli kameralar sakini dərhal tanıyır, qapını açır və liftə mindikdə onun yaşadığı mərtəbəni avtomatik seçir. Bu tam rəqəmsallaşma prosesini hazırda ləngidən yeganə amil köhnə binalardakı infrastrukturun yenilənmə xərcləri və telefonun batareyası bitdiyi hallar üçün ehtiyat imkanın saxlanılması zərurətidir; lakin yaxın gələcəkdə fiziki plastmas kartlar tarixə qovuşacaq”.
Şahanə Ziyad











































