Ömrünü küçədə limon satmaqla keçirən Solmaz xala həyatın çətin olduğunu deyir.
Metro stansiyalarının giriş-çıxışları, yolların kənarı və ya hər hansısa boş sahə onların obyektləri olur.
Yay-qış isti-soyuq demədən meyvə-tərəvəz, xırdavat malları satmaqla gündəlik çörək pulların qazanırlar. Söhbət dövlətdən əlini üzmüş küçə ticarətçilərindən gedir. Elə alıcılar da bazar və mağazalara nisbətən onların daha ucuz satdığı məhsullardan imtina etmirlər. “Limon var, limon, 5 dənəsi 1 manata”... Bu səs hər kəsə tanışdır. Bu səs sahiblərini bəzən hətta danışdırıb əylənmək istəyənlər də olur, təpikləyib “həyasız” deyən polislər də...
Onlardan biri də metronun “Neftçilər” stansiyası çıxışında limon satmaqla gündəlik çörəkpulunu qazanan 53 yaşlı Solmaz Məmmədovadır. Solmaz xala onu söhbətə tutmaq cəhdimizə əvvəlcə etiraz etsə də sonra nə fikirləşdisə danışmağa başladı. Özünün çətin durumundan, əzablı həyatından narahat olmayan, bu haqda düşünməyə bəlkə də heç vaxtı olmayan yaşlı qadını övladlarının gələcəyi daha çox narahat edir: “Bütün ömrüm demək olar ki, belə keçib. Yay-qış yollarda, küçələrdə limon satmaqla uşaqlarımı dolandırıram. Çox çətindir. Təsəvvür edin ki, səhərdən axşama qədər küçədə oluram. Havalar qızandan sonra işim lap çətinləşib. Özüm də xəstəyəm. Ancaq çarəm nədir? Heç yerdən gəlirim yoxdur, yoldaşım da xəstədir. Çox danışıb sizi də məyus etmək istəmirəm. Bəzən insanlar çox pis münasibət göstərirlər bizə. Xüsusən də polislər. Polislər bizimlə pis rəftar edirlər. Hər şeydən əvvəl mən qadınam. İki uşaq anasıyam. Gəlib limonlarımızı təpikləyirlər. Deyirlər "yığın zibilinizi, cəhənnəm olun burdan". “Həyasız” , “qancıq” sözləri onlar üçün adiləşib. Bundan da ağır sözlər deyirlər. Təsəvvür edirsinizmi Azərbaycan kişisinin qadına, anaya olan bu münasibətini? Kasıba, limon satana belə münasibət göstərərlərmi? Mən kefimdən gəlib burda limon satmıram ki... Mənə xoş deyil gəlib günün altında hər cür təhqirləri qəbul edə-edə limon satmaq. Ancaq məcburam. Yaşamaq çox çətindir. Balalarıma görə bu əzaba qatlaşıram..."
İki uşağının olduğunu deyən Solmaz xala bildirir ki, onu bir ana kimi övladlarının gələcəyi çox narahat edir: “Mən pis-yaxşı öz ömrümün çoxunu arxada qoymuşam. Ancaq uşaqlarım gəncdir. İstəmirəm onlar mənim kimi ağır həyat yaşayıb polisin hər cür təhqirlərini qəbul edə-edə küçələrdə limon satsınlar. Onlara görə çox narahatam”.
Həyatın bütün çətinliklərini görmüş, acılarını yaşamış bu insanın ürəyi dolu idi. Burda söhbətin mövzusunu dəyişib limonların qiymətini və hara limonu olmasını soruşuruq. Ancaq söhbətin mövzusunu dəyişməyimiz, deyəsən, onun ürəyincə olmadı. Ona görə də suallarımıza könülsüz cavab verdi: “Məni niyə danışdırırsan ki? Onsuz da gedib öz bildiyinizi yazacaqsan”.
Onu sakitləşdirirəm: “Belə olsa gəlib sizi danışdırmazdım...”
Solmaz xala suallarıma cavab verir: “Lənkərandan gətirirəm limonları. Başqa yerlərdə 4 dənəsi 1 manatdır. Mən 5 dənəsini 1 manata satıram. Gündəlik gəlirim 10-15 manat olur. Elə gün olur ki, 20 manat da qazanıram, ancaq problemlər çoxdur. Onları həll etmək üçün bu pullar yetmir”.
Problemlərindən, gündəlik qazancından danışan Solmaz xala şəklini çəkmək istəyimizi rədd etdi: “İstəmirəm kimsə məni burda limon satan yerdə görsün”.
Bizsə müsahibimizə uğurlar diləyib gizlin də olsa onun şəkillərini çəkib uzaqlaşırıq. Onu isə günün altında yanmaq kimi fiziki və bir də polislərin təhqirini qəbul edə-edə limon satmaq kimi mənəvi əzab gözləyir...
Musavat.com