Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən Tvinniq layihəsi çərçivəsində Litva Turizm Departamentinin direktoru Raymonda Balniene, direktor müavini Youzas Raquskas və Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanovdan ibarət nümayəndə heyəti Naftalan şəhərinə səfər edib. Səfərin məqsədi Naftalan şəhərinin turizm imkanlarının qiymətləndirilməsi və təhlillərin aparılması olub. Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov nümayəndə heyəti ilə görüşüb və Naftalan şəhərində turizm sahəsində görülən işlər, şəhərimizin turizm potensialı ilə bağlı qonaqlara ətraflı məlumat verib.
Daha sonra qonaqlar Naftalan şəhərini gəzib, onun turizm imkanlarını yaxından oyrənmək üçün şəhərdə fəaliyyət göstərən “Chinar Hotel & Spa Naftalan”, “Şirvan –N” MMC-nin Qaşaltı sanatoriyası filialı, “ Naftalan Müalicə və Sağlamlıq Mərkəzi “ MMC sanatoriyalarında yaradılmış şəraitlə və xidmət sahələri ilə yerində tanış olublar.
Sonda “Chinar Hotel & Spa Naftalan” sanatoriyasında Naftalan şəhərində fəaliyyət göstərən kurort-sanatoriya müəssisələrinin rəhbərləri ilə regionda turizmin və sanatoriya kurort sisteminin inkişafı və gələcək perespektivləri mövzusunda dəyirmi masa keçirilib.












































