AZXEBER.COM xəbər portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, Benqazi küçələrindəki toqquşmalarda ağır silah və tanklardan istifadə olunur. Müxbirlər döyüşlərin Mərkəzi Universitet ətrafında getdiyini bildirirlər.
Bundan əvvəl Benqazi üzərində vurulmuş hərbi təyyarənin üsyançılara məxsus olduğu xəbər verilib.
Müxalifət beynəlxalq ictimaiyyəti təxirə salınmadan yardım göstərməyə çağırır.
Bu arada Fransa lideri Nikolas Sarkozy deyib ki, onun ölkəsinin təyyarələri Benqazidəki mülkiləri polkovnik Qəzzafinin həmlələrindən qorumağa hazırdır.
Hazırda təsdiq olunmamış məlumatlara görə Fransa təyyarələri Benqazi üzərində keşik çəkirlər.
Sarkozy digər ərəb ölkələri ilə bərabər addım atdığını bildirib.
Britaniyanın baş naziri deyib ki, polkovnik Qəzzafi atəşkəs "vədini pozaraq öz xalqına qarşı qəddar rəftara" yol verir.
Dadid Cameron bəyan edib ki, BMT qətnaməsinə uyğun olaraq "mülkiləri" müdafiə etmək məqsədilə "qərarlı addımların" vaxtı gəlib-çatıb.
Liviya hökuməti Benqaziyə hücuma keçdiyini danaraq bildirir ki, o elan edilmiş atəşkəsə riayət edir.