'Lökbatandakı qəzadan sonra 28 nəfər dəfn olunub' - FACİƏNİN ŞAHİDLƏRİ DANIŞDI

Bütün Xəbərlər
14:47 05.09.2012
3480
Rəsmi məlumata görə 31 avqust saat 07: 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində 6 nəfər həlak olub, 44 nəfər yaralanıb. Hadisədən sonra yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Dünən klinikaya baş çəkib xəstələrlə söhbət etməyə çalışırıq. Saat 17: 00 -dan sonra xəstələrlə görüşə icazə verilir. Biz də qəzada xəsarət alan bir qadının adını çəkib içəri keçə bilirik. Travmatologiya şöbəsində yatan Lütfiyyə Məhərrəmova qəzetimizə deyir ki, qəza sürücünün məsuliyyətsizliyinə görə baş verib. “Mən avtobusun ön tərəfdən üçüncü sırasında, ayaq üstdə dayanmışdım. Avtobus şlaqbauma çatanda kişilər sürücüyə dedi ki, “keçmə, qatar gəlir”. Sürücü dedi ki, “keçəcəm”. Üzümü sağ tərəfə döndərəndə gördüm ki, qatar bizə çatdı. Ön qapıdan yox, orta qapıdan sonra daha pis dəydi. 124-də sərnişinlər qapının ağzına qədər dolu idi. İçəridə təxminən 80 nəfər olardı. Həmişə ön qapıdan avtobusa minirdim, bu dəfə gördüm ki, ön qapı sərnişinlə doludur, ona görə orta qapıya keçdim. Kişilər yol verdilər ki, qarşı oturacağa tərəf gedə bilim. Yaxşı ki, keçmişəm, yoxsa, daha pis olardı”. Qəzadan sonra 28 nəfəri dəfn olunubL. Məhərrəmovaya baş çəkməyə gələn oğlu deyir ki, hadisədə 6 nəfərin vəfat etməsi haqda Baş Prokurorluğun verdiyi məlumat yalandır. O deyir ki, hadisə nəticəsində 28 nəfər dünyasını dəyişib. “Lökbatanda məscidin mollası mənə dedi ki, həmin gün 28 nəfəri dəfn eləyib. Altı nəfərin vəfat etməsi yalandır”. L. Məhərrəmova da əlavə edir ki, qəzadan sonra onu avtobusdan düşürəndə yerdə cavan bir gəlinin, oğlanın, kişinin ölümcül halda olduğunu görüb. Qadının iki qolları qırılıb. Xəstə deyir ki, 4 ay yataqda kürəyi üstdə yatmalıdır. Onun çanaq sümüyü, burnu sınıb, bədəni əzilib, travma alıb. “İki nəfər atasız uşağım var. Mənim cavabdehliyimi kim daşıyacaq? Nə icra hakimiyyətindən, nə Dəmir Yol İdarəsindən bir insan gəlib qapını açıb maraqlanmayıb ki, bu mənim hadisəmdir. Sizə görə mən yatağa düşmüşəm. Ayda 300-400 manat maaş alırdım, aparıb evimdə iki uşağımı saxlayırdım. Mənim haqqımı kim verəcək?”Qəzanın qurbanı deyir ki, həkimlər ona yaxşı baxırlar. Beş gün ərzində xəstə iki dəfə rentgen edilib və UZİ-yə salınıb. L. Məhərrəmova deyir ki, bu xidmət qarşılığında həkimlər ondan pul istəməyiblər. “Hələ bura daxil olandan bir manat pul xərcləməmişəm. Dərmanlarım, sistemlərim hamısı pulsuzdur. Səhər burnumu əməliyyat eləməlidirlər. Bu gün 3 cərrah gəlib mənimlə maraqlanıb. Hamısından çox razıyam”. Nəqliyyat Nazirliyi dərman yardımı vəd edib Nəqliyyat Nazirliyindən gələn nümayəndə qəza nəticəsində yaralanan xəstələrə baş çəkib. Onlara söz verib ki, 3 sentyabrda yenidən gələcək və dərman gətirəcək. Amma L. Məhərrəmova bu təkliflə razılaşmayıb. “Dedim ki, mənə dərman lazım deyil. Bunu Səhiyyə Nazirliyi verir. Həkim mənə deyir ki, sən ancaq 6 aya ayaq üstdə dayana biləcəksən. Bu müddətdə mənim ailəmi dolandırmaq lazımdır, dərman lazım deyil”. L. Məhərrəmovanın palata yoldaşı 36 yaşlı Gülarə Məmmədova da Lökbatandan baş verən hadisə zamanı yaralanıb. O deyir ki, hadisəyə səbəb şlaqbaum nəzarətçisinin kiminləsə danışması olub. “Şlaqbaum bağlanmamışdı, onun yanında da polis dayanmışdı. Həmişə 124-də ayaq üstdə gedirdim, bu dəfə oturmuşdum. Pəncərədən bayıra baxırdım, gördüm ki, şlaqbauma nəzarət edən kiminləsə söhbət edir. Avtobusda da qışqırırlar ki, “saxla!”, “saxla!”... Hadisə yerində olan polis də qışqırdı ki, “dayan!” Bir də onu gördüm ki, avtobusa nəsə dəydi...Qəzanın günahını növbətçidə görürəm. Axı sən iş vaxtı niyə söhbət edirsən? ”. Qəza nəticəsində Gülarə Məmmədovanın 11 qabırğası və sağ çiyin sümüyü qırılıb. “Mən bir onu gördüm ki, yerdəyəm. Avtobusda cavanlar çox idi. Yadıma düşəndə gecə yata bilmirəm”. G. Məmmədova iki azyaşlı əkiz uşağını tək böyüdür. Onları yadına salanda ağlayır. Əkizləri üçün darıxdığını deyir. O, xadimə işləyib. Həmin gün də məscidin yanında dayanacağa çatmaq üçün bir neçə kilometr yol qət edib. Deyir ki, hər gün bu zülmü yaşayırdı. Səhər saat 7-də oyanırmış ki, 9-da işə çata bilsin. O qəzetimiz vasitəsilə prezident İlham Əliyevdən xahiş edir ki, onların problemləri ilə şəxsən özü maraqlansın. “31 avqust matəm günü elan olunmalı idi”Palata yoldaşları deyirlər ki, qəzanın baş verdiyi 31 avqust “Matəm günü” elan olunmalı idi. Bundan başqa onlara kompensasiya ödənilməsini də lazım bilirlər. Lökbatan qəsəbəsində baş verən qəza nəticəsində yaralılar KTM-in 4-cü korpusunun ikinci və üçüncü mərtəbələrində yerləşdiriliblər. Üçüncü mərtəbəyə qalxıb qəza nəticəsində ağır yaralanan 25 yaşlı Əhliman Kazımovla söhbət edirik. O, qəza günü 124 nömrəli avtobusun arxa tərəfindən birinci sırada ayaq üstdə dayanıb. O, Mərdəkanda tikintidə işləməyə gedirmiş. “Sürücü qatardan əvvəl reysə çıxdı, amma qapını açmadı. İçəridəkilər qışqırışdı, sürücü düşüb qaçdı”. Ə. Kazımovun dayısı oğlu da onun yanında olub. Deyir ki, qohumu ciddi xəsarət almayıb, amma Ə. Kazımova “beyin silkələnməsi” diaqnozu qoyulub. “Aşağı ətraflarımda da yaralar çoxdur. Hamısını şüşə kəsib”. Şüşənin kəsdiyi yerlərə “zelyonka” vurulub. Deyir ki, həkimlər ona yaxşı baxırlar. 313-cü palatada müalicə alan 42 yaşlı Mehman Behbudov da qəza vaxtı 124 nömrəli avtobusda olub. O, Binə Ticarət Mərkəzində işinə gedirmiş. Deyir ki, avtobusda təxminən 80 nəfər olub. O, qəza anını xatırlamır. “Onurğa sümüyümdə sınıqlar var. Başıma bir neçə tikiş vurulub. Ayağımın hələ keyi açılmayıb. Çiynimdə də çat var. Gələn kimi əməliyyata götürüblər. 5 gündür burada yatıram. Deyirlər ki, 3 ay da yatmalıyam”. “Qəzada 6 nəfər elə mənim yanımda vəfat etmişdi”M. Behbudov deyir ki, hadisə nəticəsində 6 nəfər vəfat edə bilməz. O sayın çox olduğunu vurğulayır. “Həlak olanların sayı 70 nəfər ola bilər, amma 6 nəfər yox. Elə mənim yanımda 6 nəfər vəfat etmişdi. Qatar avtobusu elə uzaqlığa atmışdı ki, orada insanların çoxu sağ çıxa bilməzdi”. Xəstə deyir ki, həkimlər ona yaxşı baxmırlar. Palatada olan qohumu da deyir ki, bir az əvvəl M. Behbudovun ayağından şüşə qırıntıları çıxarıb. “Hələ də yaralarımda şüşə var. Hamısı pul istəyir. Tibb bacısına, sanitara, hamıya pul veririk”. 5 gündə xəstənin ayağından şüşə qırıntılarını çıxarmayıblarXəstəyə qoşulan sistemin yarısı gedəndən sonra dayandırılıb. Buna səbəb pasiyentin təzyiqinin qalması olub. Tibb bacısı deyib ki, bir az keçəndən sonra yenidən gəlib sistemi qoşacaq. “Amma saat 3-dən gedəndir, 6 olub, gəlib çıxmayıb”. Elə bu vaxt növbətçi tibb bacısı gəlir. Xəstənin qohumu ilə tibb işçisi arasında mübahisə yaşanır. - Bu xəstənin yaraları niyə təmiz yuyulmayıb. İndicə şüşə çıxarmışam ayağından. - Biz bu işə baxmırıq. - Amma cibinizə 5 manat qoyanda edirsiniz. - Siz bizə nə vaxt pul vermisiniz?- Sizin növbəniz dəyişir, o birinə verirəm, nə fərqi var?- Ola bilər başqa işçiyə vermisiniz, amma bizə pul verilməyib. - Gərək sizə pul verəndə də telefonla çəkəsən yoxsa, sonra sübut eləmək olmur.Çirk içində yatan qəza qurbanı Tibb bacısı deyir ki, onlar yalnız sistem qoşa bilərlər, başqa vəzifələri yoxdur. “Biz bu xəstəyə nə olub, bilmirik. Sarğı işçisi var, ona deyin gəlib ayağındakı şüşələri çıxarsın”. Tibb bacısı yarımçıq qalan sistemi çıxararaq gedir. Elə palatada Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayırıq. Nazirliyin işçisi klinikanın baş həkimi ilə danışdıqdan sonra xəstənin ad, soyadını və palatasını dəqiqləşdirir. Həkim nazirliyin sözçüsünə deyir ki, xəstələrə yaxşı baxılır. Amma yenə də problemi araşdıracaqlar.Sanitarı çağırıb M. Behbudovun çarpayısını göstəririk. Çarpayı örtüyü kirlənib, qaralıb, üstündə də yaradan axan maye və “zelyonka” izləri var. Sanitar deyir ki, çarpayı örtüyü qaralmayıb, onun rəngi belədir. Amma döşəkağının ağ olduğunu göstəririk. Sanitar qadın deyir ki, mələfə çox yuyulduğundan rəngi qaralıb. Daha sonra iki sanitar qadın tez çarpayı örtüyünü dəyişirlər, qüsurlarını örtmək üçün...Sevinc VAQİFQIZI, Bizimyol.info
OXŞAR XƏBƏRLƏR