Ölmüş ulduzun “külündən” yeni planet doğulub

Ölmüş ulduzun “külündən” yeni planet doğulub
MARAQLI
08:56 07.10.2026
114
Astronomlar ölmüş ulduzun qalıqlarından formalaşdığı ehtimal olunan planet aşkar ediblər. Kəşf təsdiqlənərsə, bu, ağ cırtdanın ətrafında yaranmış ilk "ikinci nəsil” planet olacaq.

"Ikinci nəsil” planetlər ulduzun ömrünün sonunda kosmosa atdığı maddələrdən formalaşır.

Uorvik Universitetinin doktorantı Ceymi Uilyams belə planetlərin olduqca nadir olduğunu bildirib. Onun sözlərinə görə, bu kəşf "ulduzun külündən yenidən doğulmuş bir dünya” tapmağa bənzəyir.

Astronomlar əvvəllər pulsarların ətrafında "yenidən doğulmuş” planetlərin mümkün nümunələrini müəyyən ediblər. Lakin bu tip planetin ağ cırtdanın ətrafında ilk dəfə müşahidə edildiyi bildirilir.

Tədqiqatçılar HS 0209+0832 adlı ağ cırtdanın səthində qeyri-adi miqdarda niobium aşkarlayıblar. Alimlər bu kimyəvi izlərin ulduzun yaxınlığında yerləşən nəhəng planetdən gələn maddə ilə əlaqəli ola biləcəyini düşünürlər.

Onların ehtimalına görə, Yupiter ölçüsündə olan planet ulduzun məhvindən sonra geridə qalan materiallardan formalaşıb. NASA-nın TESS teleskopundan əldə edilən məlumatlar da bu ehtimalı gücləndirib. Müşahidələrdə hər 4,4 gündən bir təkrarlanan zəif siqnal qeydə alınıb.

Tədqiqatçılar planetin ulduza çox yaxın orbitdə hərəkət etdiyini və güclü şüalanma səbəbindən atmosferindəki maddələrin buxarlandığını düşünürlər. Həmin maddələrin ağ cırtdanın səthinə düşməsi isə müşahidə olunan kimyəvi izi yarada bilər.

Kəşf təsdiqlənərsə, alimlər digər ölmüş ulduzların ətrafında da oxşar kimyəvi izləri axtararaq "ikinci nəsil” planetləri müəyyən edə bilərlər.

Bu, planetlərin ulduzların ölümündən sonra necə formalaşdığını öyrənmək və ağ cırtdanların ətrafındakı dünyaları araşdırmaq üçün yeni imkanlar yarada bilər.

Tədqiqatın nəticələri "Nature Astronomy” jurnalında dərc olunub.

Eyni jurnalda yayımlanan başqa bir araşdırmada isə qəhvəyi cırtdanla qırmızı cırtdandan ibarət ikili sistemdə maddənin bir ulduzdan digərinə axdığı müşahidə edilib. Tədqiqatçılar bu prosesin əvvəllər müşahidə edilmədiyini bildiriblər.
 
///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR