Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində dövlətimizin başçısı çıxış edib. Prezident çıxışında Azərbaycanın uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olması üçün qeyri-neft sektorunun potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısının qeyd etdiyi kimi, iqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır. Azərbaycan son illərdə bu istiqamətdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirərək özünün regional nəqliyyat və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, ölkəmizin böyük tranzit mərkəzinə çevrilməsi üçün fiziki infrastrukturun yaradılması ilə yanaşı, investorlar üçün daha aydın və əlverişli biznes mühitinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın dənizə birbaşa çıxışının olmaması isə bu sahədə qonşu ölkələrlə əməkdaşlığı zəruri edir. Dövlət başçısının sözlərinə görə, qonşu ölkələrin iştirakı olmadan Azərbaycanın böyük tranzit ölkəsinə çevrilməsi mümkün deyil.
Hazırkı geosiyasi reallıqlar fonunda nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyəti daha da artır. Ənənəvi təchizat zəncirlərinin müxtəlif risklərlə üzləşdiyi bir şəraitdə Azərbaycanın yerləşdiyi coğrafi mövqe ölkəmiz üçün yeni iqtisadi imkanlar yaradır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu üstünlüyündən istifadə etməklə regional ticarətdə rolunu daha da gücləndirə bilər.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ötən ilin noyabrından etibarən ölkəmizin Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasının tamhüquqlu üzvü olması Azərbaycanın regionla siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan coğrafi baxımdan Qafqazda yerləşsə də, siyasi, iqtisadi və nəqliyyat baxımından artıq geniş Mərkəzi Asiya regionu ilə sıx inteqrasiya olunub. Bu əlaqələrin inkişafı ölkəmizin tranzit imkanlarının genişlənməsinə və yeni investisiya layihələrinin cəlb olunmasına şərait yaradır.
Digər mühüm istiqamət isə nəqliyyat sektorunda idarəetmənin və rəqəmsallaşmanın inkişaf etdirilməsidir. Gömrük idarəçiliyinin təkmilləşdirilməsi, qayda və tənzimləmələrin investorlar üçün daha aydın və anlaşıqlı olması Azərbaycanın investisiya mühitinin cəlbediciliyini artıran əsas amillərdəndir.
Bütün bunlar göstərir ki, Azərbaycanın iqtisadi siyasətində investisiya cəlbediciliyinin qorunması və yeni imkanların yaradılması prioritet istiqamətlərdən biridir. Qlobal iqtisadi və geosiyasi dəyişikliklər fonunda nəqliyyat, logistika və bağlantı imkanlarının inkişaf etdirilməsi isə ölkəmizin dayanıqlı iqtisadi artımına mühüm töhfə verə bilər.
Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələr və regional əməkdaşlığın genişləndirilməsi ölkəmizin təkcə tranzit imkanlarını deyil, eyni zamanda qeyri-neft sektorunun inkişaf perspektivlərini də gücləndirir. Bu baxımdan logistika və nəqliyyat gələcəkdə Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından biri kimi çıxış edə bilər.
Aytən Niftəliyeva
Göygöl RMX PHŞ sığortanın təşkili və innovasiya şöbəsinin müdiri










































