Mayami Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına bitişik hərəkət yolunda "UPS” şirkətinə məxsus yük təyyarəsi ilə "Copa Airlines” aviaşirkətinin sərnişin təyyarəsi toqquşub.
Bu barədə ABC 7 məlumat yayıb.
Hava limanının nümayəndələri və ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Hadisə dünən yerli vaxtla saat 21:15 radələrində baş verib.
FAA-nın məlumatına görə, eniş qapısına doğru hərəkət edən "Copa Airlines” şirkətinə məxsus Boeing 737 təyyarəsinin qanadının ucu Kolumbiyanın Boqota şəhərinə uçuşa hazırlaşan "UPS” şirkətinin Boeing 767 təyyarəsinin burun hissəsinə toxunub.
FAA bildirib ki, hava hərəkətini idarə edən dispetçerlər bundan əvvəl "UPS” təyyarəsinin ekipajına "Copa Airlines” təyyarəsinə yol verməyi tapşırıblar. Toqquşmanın başvermə şəraiti araşdırılır.
Dispetçerlərlə danışıqların audioyazısına əsasən, hadisədən sonra pilotlardan biri belə deyib: "Kimsə bizə çırpıldı”.
Hadisə yerindən çəkilmiş fotolarda təyyarələrdən birinin burun hissəsində zədələr görünür. Mayami-Deid dairəsinin aviasiya xidmətinin məlumatına görə, xəsarət alan iki nəfərə yanğınsöndürmə-xilasetmə xidməti əməkdaşları hadisə yerində yardım göstəriblər.
Hava limanından bildirilib ki, təyyarələr digər hərəkət yollarına yönləndirilib və toqquşma hava limanının fəaliyyətinə təsir göstərməyib.
"UPS” şirkətinin açıqlamasında deyilir: "Mayamidə təyyarələrimizdən birinin yerdə olduğu zaman baş verən insidentdən xəbərdarıq. Ekipajımız təhlükəsiz yerdədir və hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün səlahiyyətli orqanlarla əməkdaşlığa hazırıq. Əməkdaşlarımızın və ictimaiyyətin təhlükəsizliyi bizim əsas prioritetimizdir”.











































