Londonda Azərbaycan biznes forumu keçirilib – FOTOLAR
Bütün Xəbərlər
12:30 16.05.2012
1409
Londonda “Azərbaycanın dünya iqtisadiyyatının neft və qeyri-neft sektorlarında artan rolu” mövzusunda forum keçirilib. Qaynar.info xəbər verir ki, forum London Biznes Məktəbində Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı Səfirliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ), Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS), “London Business School”un Azərbaycan Cəmiyyətinin (LBSAS), “London Business School”un Enerji və Şərqi Avropa/MDB Klublarının dəstəyi ilə baş tutub.Biznes forumu ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub.Birləşmiş Krallıqda və Avropanın digər ölkələrində işləyən yüzə yaxın qonaq, professorlar, tələbələr xarici investisiyalar üçün qapılarını açan ölkənin iqtisadiyyatındakı son tendensiyaları nümayiş etdirən, iştirakçılara Azərbaycanın Londonda işləyən mütəxəssislərlə əlaqələr yaratmaq imkanı verən, Azərbaycanın neft sektorunun inkişafı barədə məlumatlılığı artırmaq məqsədini daşıyan tədbirdə iştirak ediblər. Çıxış edənlər müxtəlif məsələlərlə bağlı fikirlərini bildiriblər.Forumu açan “London Business School” Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Kənan Salayev bu kimi tədbirlərin dünyanın ən yaxşı biznes məktəbləri, həmçinin Azərbaycan cəmiyyətləri arasındakı mədəniyyətlərarası münasibətlərin inkişafında, Azərbaycanın mövcud investisiya mühiti ilə tanış edilməsində böyük rol oynamasını, eləcə də Biznes Forumların ənənəyə çevrilməsinin zəruriliyini bildirib.Tədbirdə iştirak edən Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin baş katibi Vüsal Abdullayev Azərbaycanda son 20 il ərzində baş verən hadisələr barədə məlumat verib və ölkənin beynəlxalq arenada əldə etdiyi nailiyyətləri haqqında danışıb.ARDNŞ-nin Birləşmiş Krallıqdakı nümayəndəliyinin direktoru Rüfət Əfəndiyev Azərbaycanın hazırki və gələcək qaz və neft hasilatının ümumi təsviri haqqında danışaraq, ölkənin AB-nin Enerji Təhlükəsizliyindəki perspektivlərini təqdim edib. O, “Əsrin Müqaviləsinin” ölkənin hazırki iqtisadi sabitliyinə olan müsbət təsirini də qeyd edib.Londonun ən iri konsaltinq agentliklərinin birində enerji sənayesi üzrə baş ekspert vəzifəsində çalışan Teymur Hüseynov öz çıxışını Azərbaycanın AB-nin enerji matrisası konteksindəki mövqeyinə həsr edib.T.Hüseynov Azərbaycan neftinin və qazının Avropaya ixracının mövcud imkanları barədə danışaraq AB ölkələrinin xam neft ehtiyaclarının ödənilməsində Baku-Tbilisi-Ceyhan boru kəmərinin əhəmiyyətini vurğulayıb və nəhəng Şah Dəniz Yatağının 2-ci mərhələsinin hazırlanması barədə iştirakçılara ətraflı məlumat verib.Forumun ikinci hissəsi son texnoloji trendlər və xarici investisiyaların ölkəyə axını məsələlərini əhatə edib.“London Business School”un Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Kənan Salayev ABŞ-ın Pensilvaniya ştatının “Allegheny College”nin məzunu Kamran İsayevlə birgə həyata keçirdiyi araşdırmadan sitat gətirərək azərbaycanlı tələbələrin tədqiqatlarının xarici investisiyaların Azərbaycanın artan iqtisadiyyatına təsiri haqqında söz açıb.“Credit Suisse Securities” şirkətini təmsil edən iqtisadçı Natiq Mustavayev Azərbaycanın makroiqtisadiyyatının gələcəyinə dair fikirlərini iştirakçılarla bölüşüb.