Londonda gənclərin təqdimatında ‘Azərbaycan günü’ - FOTOLAR

GƏNCLİK
01:51 10.12.2014
2069

05 dekabr 2014 – cü il tarixində Böyük Britaniyanın “Royal Holloway” Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan günü” keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən cəmiyyətin sədri Azər Məcidli tədbirdə iştirak edən rəsmiləri və qonaqları salamlayıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlətçilik ənənələri, gənclərin bu məsələlərdə geniş iştirakı barədə ətraflı məlumat verib. Cəmiyyətin gələcək fəaliyyəti və planları haqqında danışıb. Sonda hər kəsi “Bakı 2015” Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə dəvət edib.

Azərbaycanlı tələbələr Elnarə Hacıyeva, İlkin Əsgərli, Sura Abdullayeva, Baba Həmidov təqdimatlarla çıxış edərək iştirakçılara ölkəmizin geostrateji mövqeyi, tarixi, mədəniyyət və incəsənəti, turizm imkanları barədə məlumatlar çatdırıblar. Təqdimatlarda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub, torpaqlarımızın işğalçı Ermənistan tərəfindən zəbt edildiyi və bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğu bildirilib. Azərbaycanlı mütəxəssis Rza Kazımov tələbələrə ölkəmizdə iş imkanları, kadr sistemi haqqında məlumat və məsləhətlər verib. Daha sonra tədbir iştirakçıları Azərbaycan mətbəxinin zəngin nemətləri ilə qonaq ediliblər. “Azərbaycan günü” xarici qonaqlarda böyük maraq doğurub.

OXŞAR XƏBƏRLƏR