Ölümə aparan hədiyyə: Paraşüt tullanışı 11 nəfərin sonu oldu

Ölümə aparan hədiyyə: Paraşüt tullanışı 11 nəfərin sonu oldu
DÜNYA
12:50 29.06.2026
427
Fransanın şimal-şərqində paraşütçüləri daşıyan kiçik mülki təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Meurthe-et-Moselle bölgəsində baş verib. Almaniya qeydiyyatında olan, 35 illik istismar müddətinə malik Pilatus PC-6 tipli təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Məlumata görə, təyyarədə 1 pilot, 5 paraşütçü və 5 təlimatçı olub. Hadisə nəticəsində göyərtədə olan 11 nəfərin hamısı həlak olub.

Yerli mətbuatın yaydığı məlumata əsasən, həyatını itirən paraşütçülərdən bəziləri tibb bacısı olub. Bildirilir ki, paraşütlə tullanma təcrübəsi onlara hədiyyə olaraq təqdim edilib.

Fransanın daxili işlər naziri Loran Nünez bildirib ki, həlak olanlardan bəzilərinin ailə üzvləri hadisə zamanı hava limanında olub və təyyarənin qəzaya uğramasını öz gözləri ilə görüblər. Hadisədən sarsılan ailələrə ərazidə psixoloji və tibbi yardım göstərilib.

Qəza Nancy-Essey hava limanından havaya qalxan təyyarənin uçuş-enmə zolağından təxminən 300 metr aralıda yerləşən velosiped yoluna düşməsi nəticəsində baş verib.

Yerli rəsmilər təyyarənin yaşayış evləri və ticarət mərkəzinə çox yaxın əraziyə düşdüyünü, daha böyük faciənin son anda qarşısının alındığını bildiriblər.

Qeyd edək ki, bu qəza 2013-cü ildə Belçikada baş verən və eyni model Pilatus PC-6 təyyarəsinin qəzaya uğraması nəticəsində 11 nəfərin həlak olduğu hadisəni xatırladıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR