Ölümün reklamı

Ölümün reklamı
Bütün Xəbərlər
16:12 24.01.2014
2119
Zahid ORUC,millət vəkili
Kazarma patriotizmi keçmiş sovet xalqlarının hamısına xasdır. Lakin görünür,hətta mülki həyatı belə hərbi qanunlarla yaşamağa çalışan ruslarda bunun dozası qədərindən artıqdır.
Mixail Kalaşnikovun ölümü ətrafında propaqanda qurulmalı idimi? Bu suala cavab Putinin idarəçilik sisteminə bələd olanlar üçün tamam formal xarakter daşıyır. Özü çekist olan və Rusiyanı dünyaya derjava kimi təqdim etməyə çalışan bir liderin belə ölümləri xüsisi diqqətdə saxladığına heç kəsdə şübhə yeri yoxdur. Biz burada derjava sözünü məqsədli olaraq rusdilli versiyada veririk. Çünki hökmranlıq etməyin müasir dünyada o qədər çox formaları yaranıb ki,silahlı hərbi diktatla iqtisadi ağalıq etmək arasında böyük fərqlər qoymağa məcbur oluruq.
Kalaşnikov əfsanəsini Stalin özünə lazım olduğundan daha çox yaratmışdı. Çünki dünyada silahların rəqabəti elə bir səviyyədə idi ki,2-ci cahan savaşından sonra adi müharibələrdən qazanmaq istəyən hər bir dövlət yeni yollar axtarırdı. Bu zaman adi bir mexanik dahiyanə ixtirasını ortaya qoyur və proletariat sinfinin yaradıcı səlnaməsinə növbəti töhfəsini verir. Axı ona qədər rəşadətli bolşevik inqilabçı sinfinin yetirmələri çoxlu "ilklərə" imza atmışdılar. Birinci olaraq vakuum qaynağını,neftdən sintetik kauçuku, yerin süni peykini, kosmosun fəthini bacaranların oğulları atalarının yolunu davam etdirərək imperialst Qərb dairələri ilə rəqabət qabiliyyətlərini nümayiş etdirməliydilər. Hərçənd ki, çox dəqiq faktlar var ki, Kalaşnikovun icadı fərdi beyninin və qabiliyyətinin yox,kollektiv əməyin məhsulu olub və hər şeyi ideoloji təbliğat malına çevirməyə öyrəşmiş sovet rəhbərliyi onu bir adamın "başına yazıb".
Kalaşnikov avtomatının kütləvi istehsalından - 1947-ci ildən bu yana onu hansı xalqlar öz mübarizlərəində istifadə etmədilər? Bütün qitələrində gedən savaşlarda hamı məhz bu silahın misilsiz üstünlüklərindən faydalanırdılar. Afrika qitəsində uzun on illər ərzində SSRİ rəhbərliyi ağalığını qarşı duran tərəflərə məhz kalaşnikovların vasitəsiylə etməkdə idi. 150 ölkə nəinki alıcı qismində adını tarixə yazdırıb,üstəlik, bir neçə dövlətdə sovet qəhrəmanın özünü və silahını simvola çevirmək haqda xüsusi qərarlar olub.Texniki xarakteristikasına və konstruksiya sadəliyinə rəğmən onu digər anoloji silahlar içərisində fərqləndirən başlıca keyfiyyət hər bir detalın ucuz başa gəlməsi idi.Beləliklə,yaranışından mənsub olduğu dövlətə güc və qüdrət,həmçinin milyardalar qazandıran rus silahı indi onun simvollarından birinə çevrilməklə adi vətəndaşın da həyatının ayrılmaz ünsürünə çevrilib.
Söz yox ki,biz hərb bazarının müasir vəziyyətinə baş vurub təkcə kalaşnikovun bazasında yaranan pulemyotlardan,yaxud başqa qırğın silahlarından danışmayacağıq. Lakin bütün maddi qüvvəsini və resursunu hərbə xərcləyən xalqların da xoşbəxt ola bilməyəciyini ayrıca qeyd etməyə məcburuq. Rusların hərbi kəşfləri ilə öyündüyü dövrdə sadə belçikalılar küçə və qəsəbələrini normal tratuarlarını,kanalizasiya sistemlərini yaratmaqla,onu hətta şampunla yumaqla həyatlarını sadələşdirir, gözəlləşdirirdilər. Yaxud almanlar nasizm fəlakətini arxada qoyandan sonra dünyaya tibb,nəqliyyat və kütləvi istehsalın başqa sahələrindəki nailiyyətləri ilə çıxırdılar. Ancaq sovet mirası üzərində qərarlaşan millətlər hələ də hərbi zavod və sənaye obyektlərini gözə soxmaqla özlərinə dünya ailəsində şərəfli yer etmək istəyirlər.
Məhz bu fikri Mixail Kalaşnikovun ölümündən sonra dilə gətirən rus liberalı İnozemtsevi öz ölkəsinin vətənşüvənləri az qala linç edəcəkdilər. Nə demişdi ki, o ? Çox sadə sözləri öz statusunda paylaşan universitet müəlliminin sözləri əslində çox adi idi.Kalaşnikovu istedadlı sayan və onu xalqına bağlılığına heç bir şübhəsinin olmadığını bidirən İnozemtsev söyləmişdi ki,görəsən Kalaşnikovun ruhu hara gedəcək-bəşəriyyətə və insanlığa xidmət edənlərin yanına,yoxsa tiran qəsbkarların məkanına? Axı son 50 ildə heç bir silahdan bunun qədər çox kütləvi qırğınlar olmayıb!
Bu sözləri ona bağışlayardılarmı? Rus liberallarını son yüz ildə bütün bəlalarda qınayan solçu, faşist və kommunist nəsli hamının bildiyi ritorikaya əl atmışdı. Arqumentləri isə sadəcə bundan ibarət idi ki,bəs əgər Kalaşnikov bu silahı yaratmasaydı, məlum xarici təcavüzkarlar çoxdan böyük rus çöllərini yağmalamışdılar və indi bu qədim xalq Hitlerin, Çörçilin, Ruzveltin nəvələrinin çəkmələrini yalayır,onlara qul kimi xidmət göstərirdlilər. Aydın görünür ki,ruslar Kalaşnikova o dünyada da rahatlıq vermək fikrində deyillər. Yəni, ona cənnəti də satın alıblar. Hətta bir çoxları iddia etdi ki,sağlığında çoxlu orden və medallarla təltif olunan, adlar qazanan bu mahir sovet konstruktoru nobellərlərin ruhunun dolaşdığı göylərin sakinidir. Halbuki haqqında çoxlu əsatirlər yaradılan bu sadə rus mexanikinin son dərəcə savadsız olduğunu və ömrünün sonlarında dərin mənəvi böhran keçirdiyini çoxları bilir.
Rus patriarxına müraciət edən Kalaşnikovun etirafları və tərəddüdləri nə tez unuduldu. Kilsənin kandarından yalnız 91 yaşında keçən bu sovet ateisti pravoslav dini rəhbərindən soruşurdu ki, “görən onu silahı ilə tökülən qanlara görə Allah onu bağışlayacaqmı və dünyaya xidmət etmək üçün hərbi kəşflər əvəzinə kilsələr,digər ibadətgahlara daha çox ehtiyac duyulmurmu? Məgər mövcudluğun başqa forması yoxdurmu-niyə insanlıq yalnız xeyir və şərin üz-üzə dayanması ilə xəlq edilib” deyən Kalaşnikov az qala Tanrının özünü belə ittiham edirdi ki,onun missiyasına niyə belə qanlı aqibət yazılıb? Hərçənd ki, bütün rusların Atası Kirlill Kalaşnikovun səmimi olaraq xaç çevirə bilməməsini ona bağışlayıb dedi ki,sənin yerin behiştlikdir, çünki Vətənin müdafiəsi müqəddəs işdir. Yəni, talibançılar bu silahla minləri,on minlərlə insanı qətlə yetirirsə,bu sılahın yox,siyasətçilərin günahıdır.Bu da inanclı adamın cavabı. Elə bil Federal Kəşfiyyat bürosunun diqtəsi ilə yazılıb.
Dünyada hansı silahdan daha çox insan ölüb-bunu hesablamaq elə də asan və bəlkə də önəmli deyil. Atom bombasını kəşf edən Oppenqeymer Xirosimadan sonra hansı vasitələrə əl atmadı ki, bəşəriyyəti kütləvi ölüm saçan yollardan və ixtiralardan daşındırsın. Əvəzində onu çoxlu postlarından məhrum elədilər. Yalnız Saxarov hidrogen bombasını yaratdığına görə məmnunluq hissi keçirirdi ki,yer üzünün məhvi qorxusu xaqları adi müharibələrdən çəkindirəcək.
Ölümə pərəstiş gücləndikcə silahların da yeni-yeni çeşidləri meydana gəlir və hər gün İraq, Suriya və Əfqanstan torpaqlarında öz günahsız qurbanlarının köksünə sancılır. Ona görə rusların Kalaşnikov və kalaşnikov sevgisi müqəddəs və əbədidir.
Müharibələri törədən siyasətçilər,ideoloqlar,yoxsa mənfəət qruplarıdır-bunlar o qədər də önəmli deyil. Əsas odur ki, döyüşən ordulardır. Ona görə hər yeri qanlı toqquşmaların və tələfat selinin bürüməsi daimi bir prosesdir. Sonuncu insan qalana qədər!
Çünki dünyada lal silah yoxdur!
OXŞAR XƏBƏRLƏR