Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni tədris ilindən dünya şöhrətli alim Lütfi Zadə adına fəxri təqaüd təsis olunub. Kaliforniya Berkli Universitetinin professoru, Bakıda anadan olmuş Lütfi Zadə XX əsrin dünyaya bəxş etdiyi nəhəng simalardan biri, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, görkəmli elm xadimidir. Təqaüdün təsis olunmasında məqsəd tələbə gənclərin dəqiq elmlərə marağını daha da artırmaq, elmi-tədqiqatçılıq fəaliyyətlərini yüksəltmək, bütün dünyada məşhur olan, Azərbaycan xalqının fəxri, 90 yaşlı böyük alim Lütfi Zadənin həyatını, elmi nailiyyətlərini öyrənmək və yaşatmaqdır. Lütfi Zadə adına fəxri təqaüdələ fizika-riyaziyyat, mühəndislik və memarlıq fakültələrinin tələbələri mükafatlandırılacaq. Yuxarıda göstərilən təqaüdə ilk layiq görülənlər informasiya texnologiyaları və sistemləri mühəndisliyi və riyaziyyat və informasiya müəllimliyi ixtisası üzrə təhsil alan iki tələbə olub.