Mübariz Qurbanlı: "Gənclik hər zaman ölkə başçısı İlham Əliyevin siyasi xəttini müdafiə edəcəkdir".
Bütün Xəbərlər
12:17 02.04.2011
1538
- Mübariz müəllim, necə düşünürsünüz, gənclərin ölkəmizdə baş verən hadisələrə münasibəti necədir?
- Azərbaycan gəncliyinin böyük əksəriyyəti prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə müdafiə edir. Bu gün Azərbaycan gənclərinin özlərinin realizə etmək üçün Azərbaycanda kifayət qədər imkanları var. Gənclik bir qayda olaraq romantikaya və eyni zamanda dəyişikliyə meylli olur. Bu gün Azərbaycan gəncliyinin istəyi ölkəmizdə fəaliyyət göstərmək, həmçinin yaxşı təhsil almaq, mütəxəssis olmaq, vətənə, ölkəyə xidmət göstərməkdir. Gəlin, son dövrlərdə baş verən bir neçə hadisəni xatırlayaq. Gəncliyimizin vətənə, millətə bağlılığını özündə nümayiş etdirən hadisələri göz önünə gətirək. Mübariz İbrahimovun qəhrəmanlığı ilə əlaqədar Azərbaycan gəncliyinin hansı səviyyədə bu işə yanaşdığını biz gördük. Bütün gənclər Mübariz İbrahimovun qəhrəmanlığının təkrarını etməyə hazır olduqlarını büruzə verirlər. Yəni gənclik vətənpərvərlik hissi ilə alışıb yanır. Gənclik vətənin, millətin, xalqın inkişafı üçün öz enerjisini qoymağa hazır olduğunu nümayiş etdirir. Azərbaycan gəncliyi də bu gün ölkədə gedən ictimai-siyasi prosesi dərindən mənimsəyib, ölkə başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı üçün həyata keçirdiyi siyasətin bizim üçün nə qədər əhəmiyyətli olduğunu görməkdədir. Ona görə də bu gün Azərbayan gəncliyi ölkə prezidentini, onun həyata keçirdiyi siyasəti müdafiə edir və hesab edirəm ki, ali təhsil ocaqlarında, müxtəlif istehsalat sahələrində, iş yerlərində gəncləri öz tərəfinə çəkmək üçün radikal müxalifətin göstərdiyi cəhdlər hər zaman olduğu kimi, bu dəfə də iflasa uğrayır və uğrayacaq da. Bir var şəxsi maraq, bir var qrup marağı, bir də var ümummilli maraq. Əgər kimsə öz şəxsi marağını ümummilli maraqdan önə keçirirsə, o şəxs heç zaman siyasətdə uğur qazana bilməz. Bizim ümummilli marağımız var. Bu marağımız illərlə arzuladığımız müstəqil Azərbaycan dövlətinin mövcudluğudur. Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideoloji prinsiplərinə söykənərək irəli getməkdədir. Müstəqil Azərbaycanın güclənməsindən təşvişə düşən xarici dairələr var. Təbii ki, onların içərisində ermənilər birinci yerdə durur. Onlar bizim siyasi rəqibimiz, bizimlə yarışan qonşu deyil, Ermənistan da ermənilər də bizimlə düşəməndir. Düşmən bizim ölkənin hər bir uğurundan təlaş keçirir və bizim gənclik, 20 illiyini qeyd edəcəyimiz müstəqilliklə yaşıd olan gənclik müstəqillik illərində keçdiyimiz yolu, üzləşdiyimiz çətinlikləri və problemləri kitablardan oxuyub. Qeyd edim ki, bu gün Azərbaycanda gəncliyin yaxın keçmişini, tarixini öyrənməsi üçün kifayət qədər geniş və hərtərəfli təbliğat işi aparılıb. Gənclik bunu görərək keçmişdən nəticə çıxarır.
- Azərbaycanın gənclər siyasətinin əsasının ölkə gənclərinə diqqət, qayğı təşkil etdiyi halda müxalifət qüvvələrinin məhz gənclərdən istifadə etməsinin səbəbi nədir?
- İndiki radikal müxalifətin rəhbərliyində dayanan kimlərdir? O şəxslərdir ki, onlar ötən əsrin 80-ci illərin axırı 90-cı illərin əvvəllərində yaranmış ictimai-siyasi vəziyyətdə ortaya çıxıblar. Hamıya bəllidir ki, bu gün radikal müxalifətin “bayraqdarı” rolu oynamaq istəyən Əli Kərimli, İsa Qəmbər AXCP-Müsavat cütlüyünün hakimiyyətdə olduğu bir dövrdə yüksək vəzifələr tutublar. Əli Kərimli dövlət katibi, İsa Qəmbər parlamentin sədri olub. Onların hakimiyyətdə olduğu dövrdə Azərbaycanın üzləşdiyi problemlər və çətinliklər nəinki həll olunub əksinə, Azərbaycanın vəziyyəti daha da pisləşib, vətəndaş müharibəsi həddinə gəlib çatıb, ərazilər işğal olunub. Onlar hakimiyyəti qoruya bilməyiblər, biyabırcasına qoyub qaçıblar. Belə olan şəraitdə həmin şəxslər yenidən öz ətrafına müəyyən təbəqəni toplamaq üçün kimə müraciət edə bilərdilər? Aydındır ki, ötən əsrin 80-ci, 90-cı illərin şahidləri olan orta nəsil və yaşlı nəsil olanların kimliyini bildiyinə görə, o arealda, o insanlar arasında Əli Kərimli, İsa Qəmbər kimilərinin dayaq tapması mümkün deyil. Ona görə də həmin adamlar gəncliyə üz tutublar, gənclərin arasında özlərinə tərəfdar axtarmaq istəyirlər. Bu gün 20 yaşına çatan gənclərin sayı əhalinin müəyyən hissəsini təşkil edir, yəni ötən əsrin 80-90-cı illərdən bu yana ölkə əhalisi bir milyon yarım artıb. Bunun xeyli hissəsini gənclər təşkil edir. Bu gənclər yeni enerji ilə Azərbaycanın ictimai-siyasi həyatında iştirak edirlər. Amma bəzi qüvvələr gənclər arasında təbliğat apararaq onların bir qismini öz ətrafına toplamağa çalışırlar. Buna da nail ola bilmir, heç vaxt da nail ola bilməyəcəklər. Bu ilin mart ayında guya narazı gənclərin mitinqini keçirməyə cəhd etdilər. Bu gəncləri də internetin sosial şəbəkəsində müxtəlif adlar altında təqdim edərək böyük sayda olduqlarını göstərməyə cəhd etdilər. Buna da nail ola bilmədilər. Sonra isə mitinqlərlə bağlı ağız dolusu təbliğat aparmaq istədilər. Gənclərin içərisidə narazı ola bilər. Amma hər bir narazı Əli Kərimlinin, İsa Qəmbərin yanında olmayacaqdır. Narazılıq müxtəlif ola bilər. İnsan məişət səviyyəsindəki hadisələr, təhsil ocağında üzləşdiyi hər hansı bir problem, iş yerində rəhbəri ilə əlaqədar hər hansı bir narazılıq ola bilər. Lakin hər narazı müxalifətçi demək deyil. Hər narazı insanı müxalifətçi hesab etmək absurddur. Hər narazı ideoloji cəhətdən hakimiyyətdən narazı ola bilməz. Hər narazı prezidentin əleyhinə olan radikal müxalifətin potensial sosial dayağı deyil. Bunu da həmin radikallar başa düşməlidirlər. Başa düşmədiklərinə görə də onlar radikal çağırışları ilə özlərini biyabir edir, özlərinin "fəaliyyəti" ilə iflasa doğru gedirlər. Hesab edirəm ki, Azərbaycanda radikal müxalifət iflas səviyyəsindədir. YAP-ın gənclər təşkilatında yüz minlərlə Azərbaycan gənci birləşib. Onların içərisində çoxlu savadlı, elmdə, təhsildə, incəsənətdə uğur qazanan gənclərimiz var və bu gənclər Azərbaycan gəncliyinin avanqardı rolunu oynayır. Onlar Azərbaycanın gələcəyidir. Ona görə də Azərbaycanın gələcəyi ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsindən asılıdır. Buna heç kimin şübhəsi olmasın. Gənclik hər zaman ölkə başçısı İlham Əliyevin siyasi xəttini müdafiə edəcəkdir. Bu gün bəzi radikal qüvvələrin gəncləri öz ətrafına yığaraq müəyyən mitinq, nümayişlər keçirmək cəhdləri iflasa uğrayır, iflasa uğrayacaq da.
- Müxalifətin şəhərin mərkəzində aksiya keçirməsində məqsədi nədir? Halbuki onlara əhalinin sıx olduğuu ərazilərdə aksiyaların keçirilməsinin qadağan olunması ilə bağlı xəbərdarlıq edilib.
- Bu gün aprel ayının 2-də onların Fəvvarələr meydanında aksiya keçirmək cəhdi bir tərəfdən qanunsuz, digər tərəfdən də milli maraqlara ziddir. İstənilən ölkədə siyasi aksiyalar qanunla tənzimlənir. Siyasi aksiyaların keçirilməsi beynəlxalq qanunlarla da nizamlanır. Bununla bağlı Konvensiyalar, sənədlər var ki, Azərbaycan da buna qoşulub. Bütün beynəlxalq sənədlərdə və ölkə qanunlarında qeyd olunub ki, siyasi aksiyalar milli ədavətin qızışdırılmasına, qarşıdurmaya, digər təhlükəli hallara gətirib çıxaracaqsa, onların qarşısı alınmalıdır və bu hal yolverilməzdir. İstənilən İnkişaf etmiş ölkələrdə və xüsusən Avropa ölkələrində keçirilən nümayişlərə baxsaq orada keçirilən aksiyaların polis tərəfindən dağıdıldığını görə bilərik. O aksiyalar dağıdılıb ki, onların keçirilməsi qanunla yolverilməzdir. O aksiyalar ki qanusuzdur istənilən ölkədə onların qarşısı polis vasitəsilə alınır. Azərbaycanda bu məsələlər "Sərbəst toplaşmaq haqqında" qanuna əsasən nizamlanır. Qanun müəyyən olunmuş yerlərdə kütləvi aksiyaların keçirilməsini tövsiyyə edir, buna da əməl olunmalıdır. Lakin qanunla qadağan olunan yerlərdə kütləvi aksiya keçirmək olmaz.
Fəvvarələr meydanı kütləvi aksiya keçirmək üçün deyil, o ətrafda insanlar sərbəst şəkildə gəzir, istirahət edir, orada çoxlu sayda ictimai iaşə müəssisələri var. Həmin ərazidə törədilən hər hansı bir iğtişaş orada olan insanların sağlamlığı, təhlükəsizliyi üçün böyük qorxu törədə bilər. Ona görə də bunun qarşısı alınır və alınacaq da. Müxalifətin radikal qanadının belə bir yer seçməsi isə təsadüfi deyil. Çünki saat 14:00 fasilə zamanıdır. Insanların bir çoxu nahar fasiləsi üçün ora gedir, bəziləri bu vaxt orada gəzir. Müxalifət qüvvələri həmin ətrafda olan insanları kütləvilik yaratmaq naminə hay-küy salaraq hadisəyə cəlb etməklə törədilən aksiyanın kütləvi olduğu ilimitasiyasını yaratmaq istəyirlər. Lakin buna nail ola bilməyəcəklər. Martın 11-də keçirilən aksiyada bunu müşahidə etdik. Cəmi 25-30 nəfər Fəvvarələr meydanına girərək hay-küy salıblar. Orada bunu müşahidə edənlərin və jurnalistlərin sayı aksiya iştirakçılarından 3-4 dəfə çox olub. Onun da şəkillərini utanmayaraq qəzetlərində verir, aksiyada 100-lərlə insanın iştirak etməsi ilə bağlı fikir söyləyirlər. Bu siyasi mirajdır. Bu mirajın arxasınca gedənlər gec-tez öz səhvlərini başa düşəcəklər. Bəzi gənclərin ora qoşulması da təəccüblüdür. Çünki bu gün Azərbaycanda gənclər üçün böyük meydan var. Onlar üçün xaricdə təhsil, almaq, işləmək, ölkəmiz üçün çalışmaq, hərbi xidmətdə olmaq, vətənin müdafiəsinə qoşulmaq və digər imkanlar yaradılıb. Belə olan halda gəncləri öz yolundan döndərmək hesab edirəm ki, heç bir nəticə verməyəcək.
- Müxalifətin bu addımını sosial sifariş adlandırmaq olarmı?
- Sosial sifariş sözü radikal müxalifətlə tərs-mütənasibdir. Heç zaman Azərbaycanda xalqın istəyi ilə radikal müxalifətin istəyi arasında uyğunluq axtarmaq mümkün deyil. Bunlar heç zaman üst-üstə düşə bilməz. Radikal müxalifət dağıdıcı qarşıdurmaya yönəlib, qızışdırıcı, qisasçılıq yönündə fəaliyyət göstərən bir qrupdur. Onlar heç siyasi partiya da deyil. Onlar siyasi partiya anlayışından aşağıda duran siyasi dərnək, qrup səviyyəsində, dəstə şəklində fəaliyyət göstərirlər. Bu dəstənin məqsəd və məramı “Azərbaycan nə qədər pis olursa bizim üçün bir o qədər yaxşıdır” prinsipidir. Onlar bu prinsip əsasında hərəkət edirlər. Azərbaycan xalqının sosial istəyi inkişaf, sakit şəkildə yaşamaq, ölkədə əmin-amanlığın olmasıdır. Bu gün Bakı şəhərinin hər yerində abadlıq işləri gedir. Bunların məqsədi xalqa yönəlib.
- Etiraz aksiyalarının keçirilməsində xarici qüvvələrin rolu və təsiri ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan müstəqil dövlətdir, prezident İlham Əliyev də müstəqil siyasət həyat keçirir. Bu gün Azərbaycanın Ermənistan istisna olmaqla bütün ölkələrlə ikitərəfli əlaqələri mövcuddur. Biz bu gün 150-dən çox ölkə ilə ticari-iqtisadi əlaqələr saxlayırıq. Azərbaycan bir sıra beynəlxalq təşkilatların ATƏT, BMT, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər təşkilatların üzvüdür. Azərbaycan Ermənistan istisna olmaqla qonşu ölkələrilə əməkdaşlıq edir. Ona görə də Azərbaycanın daxili işlərinə xarici dövlətlərin bu və ya digər qurumları səviyyəsində hər hansı bir müdaxiləsindən söhbət gedə bilməz. Hər hansı bir ölkənin hökumətləri səviyyəsində Azərbaycanda olan radikallara dəstək verilməsi mümkün deyil. Kimə dəstək verəcək Əli Kərimliyə, İsa Qəmbərə? İflasa uğramış, tükənmiş insanlara kim yardım edər? Onların radikallığı, öz məqsədlərinə çatması üçün hər şeyə qadir olmaları hamıya bəlidir. Ona görə də hökümət səviyyəsində kimlərsə hansısa formada Azərbaycanda olan radikal müxalifətə nə dəstək, nə vəsait verər, nə yardım, nə də müdafiə edər. Onlar Qərb ölkələrini ittiham edirlər ki, niyə onları dəstəkləmirlər. Axı, sizi nəyə görə müdafiə etsinlər? Siz kimsiniz, Azərbaycanda kimi təmsil edirsiniz, Azərbaycan xalqı sizə dəstək verirmi? O adamı müdafiə edərlər ki, xalqın dəstəyini qazanmış olsun.