Müsavat Partiyası Azərbaycanın işğal günü ilə bağlı tədbir keçirib

Müsavat Partiyası Azərbaycanın işğal günü ilə bağlı tədbir keçirib
Bütün Xəbərlər
12:36 28.04.2011
1638

APA-nın məlumatına görə, tədbirdə Müsavat Partiyasının rəhbərliyi ilə yanaşı, digər partiyaların, İctimai Palatanın nümayəndələri və tarixçilər iştirak edib.

Çıxış edən tarixçi, Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli deyib ki, müasir Azərbaycan Respublikası 1920-ci il aprelin sonunda baş verən hadisələrdən dərs götürməlidir. Müsavatçı alim, M. Ə. Rəsulzadə və Müsavat İrsini Araşdırma Fondunun rəhbəri Nəsiman Yaqublu isə 28 may 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il aprelin 28-də deyil, aprelin 27-də işğal olunduğunu vurğulayıb: “11-ci Qırmızı Ordu Azərbaycanın dövlət sərhədlərini məhz aprelin 27-də pozmuşdu. Bu isə işğalın dəqiq tarixini deməyə əsas verir. Aprelin 28-də isə rus-bolşevik ordusu Bakıya daxil olub”.

N. Yaqublu Azərbaycanın işğalından sonrakı 10 il müddətində – 1920-ci ildən 1930-cu ilədək ölkədə sovet hökumətinə qarşı 150 üsyan olduğunu diqqətə çatdırıb. Bu üsyanlar nəticəsində təxminən 8 min rus əsgəri öldürülüb, Gəncədə sovet hökuməti devrilib. Lakin amansız rus bolşevikləri bütün üsyanların qarşısını alıb. Təkcə Gəncədə 10 min azərbaycanlı öldürülüb. N. Yaqublu üsyanlarla bağlı Rusiya arxivlərində lent yazısı saxlanıldığını da söyləyib. O, qonşu Rusiya və İranın Azərbaycanın müstəqilliyini heç cür qəbul edə bilmədiklərini vurğulayaraq cümhuriyyətin mövcudluğunu yalnız Türkiyənin istədiyini bildirib.

N. Yaqublu Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 yaşamasına baxmayaraq, qısa müddət də olsa mövcudluğunun sonrakı faydasına da toxunub. Onun sözlərinə görə, əgər Azərbaycan bir respublika kimi müstəqilliyini elan etməmiş SSRİ-nin tərkibinə qatılsaydı, XX əsrin sonlarında SSRİ dağılarkən ölkəmizin Çeçenistan və Dağıstan kimi muxtar respublika şəklində Rusiyanın tərkibində qalması ehtimalı çox olardı.

Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışında bəyan edib ki, Azərbaycanda 28 may – İstiqlal Günü gənclər tərəfindən nə qədər sevinclə qarşılanırsa, 27-28 aprel tarixləri, yəni ölkənin işğalı günlərində nifrət hissi bir o qədər özünü göstərmir: “Mən 28 aprelə həmin nifrəti görmürəm”. İ. Qəmbər də 1920-ci ildə Azərbaycan işğal olunarkən işğalçıların güclü müqavimətlə qarşılaşdığını qeyd edib. Müsavat başqanı böyük dövlətlərin Azərbaycan uğrunda daim mübarizə apardığını, bu gün də həmin mübarizənin davam etdiyini söyləyib. Onun sözlərinə görə, indi həmin mübarizə silah gücünə deyil, başqa üsullarla aparılır.

 

OXŞAR XƏBƏRLƏR