Eyni zamanda məcburi köçkünlərin böyük əksəriyyəti hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və ciddi sosial problemlərlə üzləşirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsi məqsədi ilə sərəncamda qərara alınıb ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələr təsdiq edilsin.
Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fonduna tapşırılır ki, bu Sərəncamda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində və Dövlət Neft Fondunun büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsünlər.