"Mənim ilk sevgim belə biabırçı sonluqla bitdi"

KÖŞƏ
23:16 06.02.2011
2280

Diqqət! Bu hekayənin sujeti real hadisələri əks etdirmir!

 

Onu tanıyan gün özümə söz vermişdim ki, hekayə yazmağı tərgidəcəm,çünki kiminsə onun həyat yolunu oxuyub “ aa nə maraqlı sujetdi?” deməyi məni incidəcəydi,başqa da bir sujet uydura bilmirdim.Mən məhz həmin gün anlamışdım ki, dünyanın ən dahi yazıçısı nə Paolo Koelyo,nə Dostoyevski nə də Tolstoy deyil, Tanrıdır. Bu cür sujeti ancaq o, uydura bilərdi.

Qıyıq gözlər, çəlimsiz gövdə qorxaq baxışlar və onları ört-basdır etməyə çalışan cəsarətli danışıq... Onu axırıncı dəfə 7 ay bundan qabaq görmüşəm, amma Fidan bütün incəliklərilə yaddaşımın bir küncündədir. Arada bir “ Ala həriiii!” deməyi yadıma düşür, öz-özümə dəli kimi gülürəm. Məktəbdəki sərgüzəştlərimiz, Zərifə müəllimə ilə dalaşmaqlarımız, yan yana oturub bütün dərsi ordan-burdan danışmaqlarımız yada düşəndə içimdə qəribə hisslər baş qaldırırlar. Biraz gülürəm, biraz kədərlənirəm, biraz doluxsunuram...

Onu xatırladıqca mən özümdən utanıram... 11 il ərzində inşa etdiyim xatirə binalarını dərhal söküb yerlərinə hisslərimi doldurduğum üçün özümü bəzi dostlarımın yanında xəcalətli görürəm. O dostlarımdan biri də Fidandır. O, dağıntıların altından qaçıb ağlımın künc-bucağında gizlənən tək-tük sinif yoldaşlarımdandır.

Fidanı gördüyümə necə sevindimi sizə sözlə ifadə edə bilmərəm.Heç dəyişməmişdi.Eyni baxışlar eyni gülüş,eyni səmimiyyət..Bircə boyu biraz uzanmışdı,bir də üzünə vurduğu kosmetikanın təsirindən biraz üzü qızarmışdı.Amma dediyinə görə mən çox dəyişmişəm.Arıqlamışam,üzümü saqqal basıb. Deyir biraz türk tələbələrə oxşamışam.

İş-gücümü soruşdu, yaxşıdı dedim, ilk kitabım çapa hazırlanır, 2-ci romanımı yarılamışam, hekayələr kitabımı da hazırlayıram, cürbəcür rəngarəng layihələr hazırlayıram. Daha nə olsun?! Şəxsi həyatımın necə getdiyi sordu,” canavarın şəxsi həyatı necə olur, əlbəttə ki, bomboş” deyib cümləmi süni təbəssümlə bəzədim. Ondan soruşdum, o da eyni şeyləri təkrar elədi. Məhz onda mən hiss elədim ki, biz onunla bir birimizə bənzəyirik.

Yox, ona aşiq olmadım,sadəcə onu hələ indi tanımağa başladım.Bundan da biraz xəcalət hiss duydum. 3 il hər gün görüşdüyümüzə baxmayaraq,Fidanı məhz indi tanışlığımızın 6 cı ilində tanımağa başlamışdım.Onun hər cümləsiylə sanki beynimin içindəki “ Fidan” pazlının bir parçası aşkar olurdu.6 il beynimin naməlum küncündə qalıb tozlanan pazl hissələri açıldıqca mən yavaş-yavaş həqiqəti anlamağa başlayırdım.

Anlayırdım ki, biz nə qədər ruh əkizi olsaq da, yəqin ki, sevgili ola bilməzdik. Mən qıqanc, o, komplekssiz, mən səbrli,o səbirsiz, o dalaşqan, mən sakit... Nə bilime, onunla xoşbəxt ola bilməzdim, yəqin ki.

Hə, bu təsəlliyə də bənzəyir. Buna əsas da var .Axı mən sevgidə ilk uğursuzluğumu onunla yaşamışdım. Sevmişdim,amma ilk dəfə anlamışdım ki, sevməklə iş düzəlmir, gərək seviləsən. Mənim ürəyim ilk olaraq Fidanla qırılmışdı.

Bəlkə də bu sevgi deyildi, başqa şey idi. Kimsə buna bağlanmaq deyir, kimsə flirt... Bu mövzu məni o vaxt çox incidirdi. O qədər incidirdi ki, mən hətta indi də o olayları xatırlayanda daxilimdə naməlum bir sızıltı hiss edirəm.

Hə, Fidan  gözəl, gözəl olduğu qədər də suyu şirin, səmimi qız idi. Bəlkə də mənim simpatiyamın səbəbi onun gözəl və suyuşirin olması yox, oğlanlara çox yaxın, yaxın olduğu qədər də uzaq olması idi. Mən onunla bütün dərs boyu danışa bilərdim, amma “Fidan,mənim səndən xoşum gəlir” demək ürək istəyirdi. Mən də ürəyimi “ mənə “ otval” versə, neyniyəcəm?” düşüncələri ilə yeyib bitirdiyimdən lazımi cümləni deyə bilmədim.

Bağışlayın,sizə yalan danışdım. Mən ona bu sözü dedim, amma qorxduğum başıma gəldi, o heç cümləni ciddiyə də almadı. Bəlkə də aldı, ona görə də həmən gündən sonra məndən qaçmağa başladı. Xülasə, mənim ilk sevgim belə biabırçı sonluqla bitdi.

Nəysə, qayıdaq bizim Fidanla görüşümüzə. Hal əhval tutandan sonra mən qeyri-ixtiyari olaraq ona incikliyimi hiss elətdirməyə başladım. Fidan hissiyyatlı qızdır deyə incikliyimin fərqinə çox tez vardı. Əvvəlcə təəccüblə mənə baxıb ” Sənə nə olub? Mənimlə niyə belə soyuq danışmağa başladın?” dedi, sonra biraz düşünüb, ” hələ o söhbətdən incikliyin qalıb?? Başa düş, mən sənə başqa gözlə baxa bilməzdim” deyə könlümü almağa çalışdı. Mənsə  ona baxıb gülümsədim və “ yoox, o məsələyə görə inciməmişəm,sadəcə yorğunam” deyib. yenidən susdum.

Susdum və güzgüyə baxdım. Üzümdəki təbəssümdən və dediyim yalandan ötrü  özümdən nifrət etməyə başlamışdım ki, Fidan yenidən dilləndi:

-Şahlar, yadına gəlir, mənə bir monoloq həsr eləmişdine?

-Hə, yadıma gəlir adı da “ Qanadı yanmış mələk” idi.

-Bəs o adı monoloqa niyə qoymuşdun yadındadır?

-Hə, sənin aldığın psixoloji travmalardan, sinifdəki uşaqlarla münasibətindən bəhs etdiyimçün...

-Deməli, sən mənim niyə sevgidən qaçdığımı başa düşə bilərsən...

-Mən səni başa düşə bilmədim,bilirsən niyə ? Çünki əvvəllər elə bilirdim ki, sən mələksən, amma sonra anladım ki, sən Şeytandan başqa bir şey deyilmişsən, çünki paxıllığından mənim də qanadlarımı yandırdın...

-Hə də, mən Şeytankayam axı-Fidan pərtliyini gizlətmək üçün sözümü zarafat yozdu.

-Ehh,nəysə, olan olub keçən keçib.-Mən içimdəki zəhəri boşaltmışdım,odur ki, mövzunu dəyişdim.- Teymur necədir?

 

 

OXŞAR XƏBƏRLƏR