Mətbuat Şurasında deyə bilmədiklərim (KÖŞƏ)

Mətbuat Şurasında deyə bilmədiklərim (KÖŞƏ)
KÖŞƏ
08:17 07.05.2011
2309

Gənc həmkarım Aysel Fərziyevanın iki dəfə zəng edib, tədbirin vaxtını xatırlatmağına baxmayaraq, yenə gecikmişdim. Tələbə-jurnalist Hacıbəy Heydərli məni Mətbuat Şurasının həyətində qarşıladı. Tanımadığım tələbələrdən biri ilə ikinci mərtəbəyə qalxdım. İclas salonunda qaş-qabağı ilə yeri süpürən beş-altı gənc vardı. Saatın əqrəbləri çoxdan 12-nin üstündə cütləşsə də, qonaqların heç biri gəlməmişdi. Özlərinin 1 yaşını qeyd etməyə hazırlaşan azxeber.com saytının əməkdaşları "media kapitanları"nın ögey münasibətindən pərt olmuşdular. Heç kim dinib-danışmırdı. Salondakı cansıxıcı sükut mənim də ovqatımı təlx etdi. 

Aradan 10 dəqiqə də keçdi. Gündəlik qəzetlərin baş redaktorlarının tələbə-jurnalistlərin dəvətini qulaqardına vurması qəlbimi ağrıtdı. Masanın üstündəki ağ kağızlardan birini qarşıma çəkib, Azərbaycanın mətbu elitasının əleyhinə yazı yazmağa başladım. Cəmi dördcə söz yazmışdım ki, iclas salonunun qapısı aralandı. Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun professoru Cahangir Məmmədli, BAMF sədri Umud Rəhimoğlu və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı salona daxil oldular. Qeyri-ixtiyari olaraq, əlimdəki karandaşı yerə qoydum. Bayaqdan bəri qaş-qabaqlı dolaşan gənclərin çöhrəsi bir andaca işıqlandı. Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov tədbiri açmağa macal tapmamış APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı və Qafqazinfo.az xəbər portalının baş redaktoru Elburus Ərud özlərini yetirdilər. Bir neçə dəqiqə sonra isə BDU-nun professoru Qulu Məhərrəmli tədbir iştirakçılarının sırasına qoşuldu. 

Yubiley mərasimində hər kəsə tutduğu vəzifəyə müvafiq söz verildiyi üçün mən lap axırda danışdım. Çıxışıma başlayanda Mətbuat Şurasının sədri Əflatun Amaşovun hədiyyəsi olan yubiley tortu da artıq masaya gətirilmişdi. Buna görə də ətraflı danışmağa lüzum görməyib, gəncləri təbrik etməklə kifayətləndim. Tədbir başa çatandan sonra APA-nın direktoru Vüsalə Mahirqızı deyə bilmədiklərimi Lent.az saytı üçün yazmağı məsləhət gördü. Yaxşı təklifdən kim boyun qaçırar ki... 

Mən, nəinki həmyaşıdlarıma, heç özümdən kiçiklərə də məsləhət verməyi xoşlamıram. Amma tələbə-jurnalistlərimiz üçün faydalı olacağını nəzərə alıb, bəzi müşahidələrimi onlarla bölüşmək istəyirəm. Çox istərdim ki, jurnalistikada iddiası olan gənclər özlərini heç olmasa bir müddət qəzetçilikdə sınasınlar. Televiziya və radiolara, dövlət qurumlarının mətbuat xidmətlərinə gedən yol qəzetlərdən keçir. Azərbaycan teleməkanın tanınmış simalarının böyük əksəriyyəti vaxtilə müxtəlif qəzetlərdə təcrübə keçiblər. Qəzetdə jurnalistikanın bütün janrlarında yazıb-yaratmaq imkanı genişdir. Hətta ən kasıb qəzetdə belə zəngin mənəvi mühit var. 

Məqamı gəldiyi üçün bir xatirəmi oxucularla bölüşmək istəyirəm. 2002-ci ilin martında "Cümhuriyyət" qəzetinin fəaliyyəti yenidən bərpa olundu. Səhv etmirəmsə, mart ayının 28-i idi. Bir neçə gün davam edən əziyyətimiz üç-dörd saat sonra öz bəhrəsini verməli idi. Texniki direktorun 1-ci səhifə üçün təklif etdiyi variantları nəzərdən keçirirdim. Bu vaxt baş redaktorumuz Könül İsmayıl axşam növbəsində işləyən əməkdaşlar üçün şam yeməyi almağı təklif etdi. Könül xanımla Axundov bağının yanındakı bahalı marketlərin birinə getdik. O, çantasından 100 dollar çıxardı. Biz holland pendiri, bolqar turşusu, türk yoğurtu, təndir çörəyi, badımcan əzməsi, kərə yağı, qızardılmış toyuq və gürcü limonadı aldıq. Könül xanım redaksiyaya getməyi təklif etsə də, ayağımı sürüyür, müxtəlif bəhanələrlə marketdən çıxmamağa çalışırdım. Deyəsən, baş redaktorumuz mənim niyyətimi anlamışdı. Ona görə də məndən daha nəyə ehtiyac olduğunu soruşdu. Satıcıya yaxınlaşıb, yarım kilo ucuz kolbasa və bir ədəd Coca-cola verməsini xahiş etdim. Həmin vaxt Könül xanımın ürəyində mənim haqqımda nələr düşündüyünü təsəvvür etmək çətin deyildi... 

On beş dəqiqə sonra şam süfrəsi hazır idi. Mən, texniki direktoru, operatoru, korrektoru, növbətçi müxbiri və kommersiya direktorunu süfrəyə dəvət etdim. Uşaqlar masanın arxasında yerlərini rahatlayan kimi əllərini bir az əvvəl utana-utana aldığım kolbasaya uzatdılar. Sonra isə Coca-colanı öz aralarında bölüşdürdülər. 

...Mətbuat Şurasında gənc jurnalistlərə demək istəyirdim ki, darısqal, təmirsiz redaksiyalarda çalışan həmkarlarınızla bir tikə çörəyi iki yerə bölməsəniz, jurnalistikada uğur qazana bilməyəcəksiniz. Jurnalistikada əl boyda çörək, iki dilim kolbasa və bir stəkan Coca-cola elə sözün özü qədər müqəddəs sayılır...


OXŞAR XƏBƏRLƏR