Mətbuat Şurasında diffamasiya haqqında qanun müzakirə edildi (FOTOLAR)

MARAQLI
12:41 05.05.2011
1522

Şura sədri Əflatun Amaşov bildirib ki, diffamasiya haqqında qanun layihəsinin hazırlanması rəhbəri olduğu qurumun ATƏT-in Bakı ofisi ilə birgə ötən ilin martından realaşdırdığı layihə çərçivəsində həyata keçirilib: “Həmin layihə eyni zamanda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsini nəzərdə tuturdu. Bu iş müvəffəqiyyətlə başa çatdırılıb. Qaydaların təkmil variantı hazırlanaraq media ictimaiyyətinə təqdim olunub və qəbul edilib. İndi əsas vəzifəmiz layihənin ikinci istiqaməti üzrə fəaliyyət göstərməkdir”.

ATƏT-in demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter layihə haqqında danışıb: “Ümumən işimizin çox məhsuldar alındığı qənaətindəyəm. Buna görə Mətbuat Şurası rəhbərliyinə təşəkkürümü bildirmək istərdim. Biz məsələyə iki aspektdə yanaşmağı ən optimal variant saydıq. Çünki söhbət diffamasiya mühitinə hazırlıqdan gedirdi ki, burada da peşə prinsiplərinin təkmilləşdirilməsi vacib əhəmiyyət daşıyırdı. Müzakirələr bununla bitməyəcək. Mayın 11-də ATƏT-in Bakı ofisi Mətbuat Şurası ilə birgə beynəlxalq konfrans düzənləməyi nəzərdə tutur. Həmin tədbirə ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də qatılacaq. Ümid edirəm ki, birgə fəaliyyətimiz gələcəkdə daha müsbət nəticələr əldə etməyə imkan verəcək”.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli qanun layihəsinin kifayət qədər mükəmməl hazırlandığını bildirib və fikrinə konkret faktlarla aydınlıq gətirib: “İdeyanın özü çox müsbətdir. Burada diffamasiyaya daha geniş anlamda yanaşılıb. Böhtanla yanaşı təhqir də onun predmetinə aid edilib. “İctimai maraq” və “ictimai şəxs” anlayışları yer alıb ki, bu da Azərbaycan qanunvericiliyində indiyədək olmayan bir haldır. Bu baxımdan hesab edirəm ki, qanunun qəbulundan sonra məhkəmələrin də işi asanlaşacaq.

Qanunda növbəti mühüm cəhət dünyasını dəyişmiş insanların şərəf və ləyaqətlərinin təhqirinə görə onun yaxın ailə üzvlərinin iddia qaldıra bilmələrinin mümkünlüyünün təsbitidir. Mübahisələrin məhkəməyə qədər həlli məsələsinin göstərilməsi də yenilikdir. Fikrimcə, bu, ictimai tənzimlənmənin rolunu əhəmiyyətli dərəcədə artıracaq, Mətbuat Şurasının üzərinə də yeni məsuliyyət qoyacaq. Layihədə rəy və şərh bir-birindən fərqləndirilir. Bu isə jurnalistin yaradıcılıq dairəsini konkretləşdirmək baxımından vacibdir.

Ən vacib cəhət kimi sənəddə diffamasiyanın fərdiləşdirilməsini, fərdi qaydada mübahisələndirilməsini vurğulamaq istərdim. Ümumən təcrübədə rast gəldiyimiz bir sıra məqamlar var ki, burada əksini tapıb. Əlbəttə, əsas məsələ jurnalistin yazdığı yazıya görə cinayət məsuliyyətinə cəlb olunması təcrübəsinin aradan qalxmasıdır”.

Milli Məclisin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, vaxtilə diffamasiya haqqında qanunun qəbulunun qatı əleyhdarlarından olub: “Bunun üçün əsaslarım var idi və o əsasların indi də müəyyən qədəri qalır. Amma məsələ bundadır ki, elə müxalifət qəzetlərində zaman-zaman yer alan təhqiramiz materialların sayı azalıb. Düşünürəm ki, oxucumuz da yetkinləşib. Bu mənada indi qanunun qəbulu mümkündür.

Amma təəssüflə deməliyəm ki, mediamızda neqativ tendensiyalar hələ də hökm sürməkdədir. Mətbuat Şurası buna qarşı var gücü ilə mübarizə aparmaqdadır. Qanun layihəsində diqqət çəkən cəhət kimi onun internet mediaya da şamil edilməsini nəzərdə tutan müddəaların yer almasını göstərmək istərdim”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, APA-nın baş direktoru Vüsalə Mahirqızı qanun layihəsinə iradlarını da səsləndirib: “Əlbəttə, onun qəbulundan sonra işləklik dərəcəsi necə olacaq, bu barədə də söhbət açılmalıdır. Çünki Azərbaycanda qanunlar kifayət qədər mükəmməldir, problem onların işlək olmamasındadır. Digər tərəfdən, layihədə internet resurslara ümumi qaydada yanaşılıb. Məncə, qanun internet üzərindən yayımlanan, qeydiyyatdan keçən kütləvi informasiya vasitələrinə şamil olunmalıdır. “Facebook”, “Twitter” kimi kütləvi səciyyəli sosial şəbəkələr var ki, qanunun onlara da şamil edilməsinin nə dərəcədə düzgün olduğu araşdırılmalıdır”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında layihədə nəzərdə tutulan cərimənin məbləğinin artırılmasını təklif edib: “Mən də bu qanunun qəbulunun tərəfdarlarından olmuşam. Ortada belə bir sənəd var. Ümumən razıyam, amma hesab edirəm ki, əmək haqqının 5 misli miqdarında cərimə çox azdır”.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı qanun layihəsini nəzərdən keçirdiyini və ümumən sənədin xoş təsir bağışladığını vurğulayıb: “Layihədəki bir çox müddəalar Avropa İnsan Hüquqları Konvensiyasının müddəaları ilə uyğunluq təşkil edir, demək olar, eynidir. Bu, müsbət haldır. Çünki bizim məhkəmələrimiz qərar çıxararkən birbaşa öz qanunumuza istinad edəcəklər. Burada “legitim ictimai maraq” ifadəsi səsləndi. Bu, Avropa İnsan Hüquqları Konvensiyasında da əksini tapıb. Dövlətin təhlükəsizliyi, ərazi bütövlüyünün qorunması, sabitliyin təminatı kimi məsələlər həmin kateqoriyaya daxildir”.

OXŞAR XƏBƏRLƏR