Xəbər verdiyimiz kimi, Ali təhsil müəssisələrinin magistr səviyyəsinə qəbul üçün keçiriləcək imtahanların tarixi açıqlanıb. AZXEBER.COM portalı bakalvraların bu imtahan ərəfəsində psixoloji hazırlıqlarının hansı yerdə olmasını öyrənmək üçün psixoloq Elnarə Baxışlının fikirlərini öyrənib.
Magistratura imtahanı ərəfəsində bakalavrlar psixoloji vəziyyətləri ilə əlaqədar hansı məsləhətlərə əməl etməlidirlər?
-Ali məktəblərə qəbul prosesinə baxanda bu dəfə bakalavrların psixoloji durumu daha sakindir. Çünki onlar artıq neçə illərdir ki, imtahandan keçməyə alışıblar. Beyin üçün bu bir o qədər də qorxulu deyil. Yetişkin insan olduqları üçün hansı prosesdən keçəcəklərini , hətta nəticələrinin nə olacağını belə bilirlər. Lakin bu prosesdə bir məsələ bakalavrlarda gərginlik yaradır. Bu da öz yaşıdlarından geridə qalmaq qorxusudur. Kəsilmək, bir sonrakı mərhələyə buraxılmamaq, tələbə yoldaşlarının yanında başı aşağı olmağı heç cür qəbul edə bilmirlər. Birinci mərhələdən keçmək onlarda təsəvvür edilə bilməyəcək qədər özünə güvən hissi yaradacaqdır. Bu mənada əsas qarşıya qoyulan məqsəd birinci mərhələni uğurla başa vurmaqdır.
Şübhəsiz, bu mərhələdə həm də bir çoxları bundan istifadə edib külli-miqdarda maddi gəlir əldə edir. Bir çox kurslar, təlim mərkəzləri ölkədə fəaliyyət göstərir. Magistratura pilləsində təhsil almaq istəyənlər bu mərkəzlərə ciddi miqdarda pul ödəyirlər. Bununla belə maddi imkansızlıqdan bu kurslara getməyənlər də var.Psixoloji baxımdan o insanlar əslində bu dövrdə ən güclü insan kimi formalaşırlar . Ümumiyyətlə, insanın müəyyən yaş dövründə bu cür sınaqlardan keçməsi onu həyatda mübariz ruhlu biri olması üçün yetişdirir. Həmçinin, bu imtahanlara hazırlıq zamanı gənclər neyroleptiklərdən və transpvilizatorlardan istifadə edirlər(Əsəbi sakitləşdirən və ya beyin hüceyrələrini aktivləşdirən vasitələr). Əlbəttə ki, qəbul etdikləri belə vasitələrin tərkibində kofein kimi zərəli vasitələr varsa bunu qəbul etməsinlər. Təbii vitaminlərlə zəngin vasitələr isə həmişəki kimi üstün tutulmalıdır.
Gülnarə Bayramova