Makronun Qafqaz planı: Azərbaycan və Ermənistan rəhbərləri ilə niyə görüşdü?

SİYASƏT
12:36 16.12.2021
1679

Xəbər verdiyimiz kimi, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

Politoloqların fikrincə, müharibə dövründə və ondan əvvəl Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Fransanın indiki halda bu cür görüşün baş tutmasına təşəbbüs göstərməsi önəmli hadisədir.

AZXEBER.COM-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, görüşdə mühim nəticələrə nail olduğu görünür:


"Mənim zənnimcə, bu görüş çox əhəmiyyətli görüşdür. Görüşü Fransa prezidenti Emmanuel Makron təşkil etsə də, iki dövlətin liderlərinin üzbəüz görüşmək imkanı yaranıb. Başqa dövlətlərin vasitəçiliyi ilə, onların iştirakı ilə baş tutan görüşlərdə heç də ciddi, prinsipial nəticələrə nail olmaq mümkün olmayıb. Bu nöqteyi nəzərdən mən belə hesab edirəm ki, görüşün uzun davam etməsi, üstəlik müəyyən məlumatların yayılmaması onu göstərir ki, görüşdə çox mühim nəticələrə nail olunub. İkitərəfli münasibətlərin normallaşdırılması üçün sıçrayış xarakterli addımlar atılması barədə razılığa gəlinib. Bu səbəbdən baş tutan bu görüşün əhəmiyyəti böyükdür”.

Politoloq Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında son günlər Fransanın Azərbaycana qarşı münasibətinin təqdirolunan hesab etdiyini bildirib:


"Təəssüflər olsun ki, Fransa həm Azərbaycan torpaqlarının 30 illik işğalı müddətində, həm də 44 günlük Vətən müharibəsi zamanı tam qərəzli, bitərəfli və ermənilərin maraqlarına xidmət edən siyasət həyata keçirib. Ümumilikdə, Makronun erməni dilində tvitlər atması, Ermənistanı dəstəkləməsi Cənubi Qafqazın əsas dövlətlərindən biri olan Azərbaycanı incik salmışdı. Makronun əsas rəqiblərindən biri olan və hazırda Fransada ciddi seçki təbliğatına başlayan, prezidentliyə namizəd Erik Zemmur bir neçə günlük Ermənistana səfər etməyi qarşısına məqsəd qoyub. Bütövlükdə Fransanın regionda Ermənistanı dəstəkləməyinin daxildəki ermənilərlə bağlı səbəbləri olduğu qədər, eyni zamanda Fransa Qafqazda Ermənistan vasitəsilə mövcudluğunu göstərməyə çalışır. Son dövrlər Azərbaycandan olan etirazlar, düşünürəm ki müəyyən qədər nəticə verməyə başlayıb. Fransa səfiri Zaxari Qrosun Ağdama səfəri, eyni zamanda Fransanın minalarla bağlı etdiyi çağırışlar münasibətlərin normallaşma ehtimalını ortaya qoyur. Fransa post-münaqişə dövründə Azərbaycanla Ermənistan arasında gələcəkdə formalaşa biləcək sülh ehtimallarından sonra regionda tamamilə birxətli siyasət yeritmək istəmədiyini nümayiş etdirir”.

Qeyd edək ki, ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib. Bu, 44 günlük Vətən müharibəsindən sonra iki ölkə rəhbərləri arasında ilk təkbətək görüş olub.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR