Malların gömrük dəyəri manatla bəyan ediləcək

Malların gömrük dəyəri manatla bəyan ediləcək
İQTİSADİYYAT
11:54 19.06.2026
244
Milli Məclisdə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

AZXEBER.COM xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının qorunması məqsədilə hazırlanıb. Qanun layihəsinə əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilir, mövcud anlayışlar isə yenilənir, həmçinin Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin edilir.

Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanlarına şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilir. Borc ödənildikdən sonra həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə aid ediləcək. Dəyişikliklərlə digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə 3 iş günü ərzində məlumat verilməsi, eləcə də gömrük baxışı və yoxlamalarının daha detallı hüquqi tənzimlənməsi nəzərdə tutulur. Qanun layihəsində "gömrük brokeri” anlayışının "dolayı gömrük təmsilçisi” ilə əvəz olunması, bu fəaliyyət üçün lisenziya tələbinin ləğvi və müvafiq reyestr sisteminin yaradılması da əksini tapıb. Eyni zamanda, birbaşa gömrük təmsilçiliyinin tətbiqi genişləndirilir.

Bundan başqa, gömrük daşıyıcısı fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılır, daşıyıcıların dairəsi genişləndirilir və onların siyahılarının elektron formada dərc olunması nəzərdə tutulur. Dəyişikliklər həmçinin "Səlahiyyətli İqtisadi Operator” institutunun təkmilləşdirilməsini, malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsini, gömrük borcunun qismən ödənildiyi hallarda təminatın mütənasib şəkildə azad edilməsini və "Yaşıl Dəhliz” sisteminin daimi istifadəçilərinə əlavə səlahiyyətlərin verilməsini ehtiva edir. Layihədə elektron ticarətin inkişafı nəzərə alınaraq sürətli (ekspres) daşınan malların gömrük sərhədindən keçirilməsi və rəsmiləşdirilməsi qaydaları da ayrıca tənzimlənir. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların müvəqqəti saxlanması ilə bağlı yeni normalar müəyyənləşdirilir.

Qanunun qəbulunun idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına, yükdaşımaların sürətlənməsinə, risklərin avtomatlaşdırılmış idarə edilməsinin təkmilləşdirilməsinə və xarici ticarətin daha da asanlaşdırılmasına xidmət edəcəyi bildirilir. Bundan əlavə, dəyişikliklərin gömrük nəzarəti və rəsmiləşdirilməsində şəffaflığın artırılmasına, vaxt itkisinin azaldılmasına və ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.

OXŞAR XƏBƏRLƏR