4 noyabr tarixində Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, "Techno Shop” şirkətinin baş sponsorluğu "Inch Mark” və "Sonifer” şirkətinin sponsorluğu ilə 8 Noyabr - "Zəfər Günü”nə həsr olunan "Nə? Harada? Nə zaman?” adlı şirkətlərarası 5-ci "Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli eləcə də millət vəkili Vüqar İskəndərov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, sahibkarlığın intellektual inkişafında bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Çıxışçılar həmçinin Zəfər Gününün xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığını qeyd edərək, şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzulayıblar.
Marsol Group partnyoru olan 17 şirkət və dövlət qurumlarının təmsil olunduğu yarışmada ümumilikdə 100-dən çox şirkət nümayəndəsi iştirak edib. Olduqca maraqlı və dinamik suallarla keçən yarışmada komandalar bilik və məntiq mübarizəsində güclərini sınayıblar.
Yarışmanın yekununda qalib komandalar müəyyən olunub. "Birbank Biznes” komandası 5-ci dəfə keçirilən "Marsol Zəfər Kuboku”nun qalibi olub. "Paşa Life” komandası 2-ci, "Roof Academic Training” şirkətinin komandası isə 3-cü yeri tutub.
Qaliblər diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunublar.




























































