Masallıda 4 avtomobil toqquşdu

Masallıda 4 avtomobil toqquşdu
Bütün Xəbərlər
12:06 14.03.2014
516

Qəza nəticəsində 2 nəfər ağır bədən xəsarətləri alıb

Masallı rayonunda 4 avtomobilin toqquşması və 2 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəza hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə saat 22:00 radələrində Lənkəran-Boradigah magistralının Mahmudavar kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Bədələn kənd sakini, 25 yaşlı Habil Babayev idarə etdiyi “VAZ - 2106” markalı avtomaşınla hərəkətdə olarkən əks istiqamətdən gələn Mahmudavar kənd sakini, 78 yaşlı Əbdülrəhim Cəbiyevin idarə etdiyi “VAZ - 2107” markalı avtomaşınla toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil hərəkət zolağından çıxaraq rayonun Bədələn kənd sakini Fariz Əliyevin idarə etdiyi “VAZ - 2107” markalı avtomaşınla toqquşub.
Zərbə nəticəsində“VAZ - 2107” markalı avtomobil isə yol kənarında dayanan,rayonun Mahmudavar kənd sakini Röyal Kərimova məxsus “VAZ - 2106” markalı avtomobilə çırpılıb. Nəticədə hər dörd avtomobilə ciddi ziyan dəyib. Birinci avtomobilin sürücüsü Habil Babayev və onun yanında olan sərnişin, həmkəndlisi 19 yaşlı İxtiyar Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, qəza zamanı magistralda nəqliyyat vasitələrinin hərəkəti 1 saata yaxın məhdudlaşıb. Yol polisi əməkdaçlarının hadisə yerinə gəlməsi ilə gərginlik aradan qaldırılıb.İlkin versiya kimi qəzanın avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avtoekspertizanın nəticələrindən sonra məlum olacaq.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR