Anar Yusifoğlu
Dünyanın bir çox ölkələrində və meqapolislərində olmuşam.
Adətən, nabələd məkana bələd olmaq istəyənlər əvvəlcə həmin yerin bazarına və qəbristanlığına baş çəkir: insanların düzlük və düzən saflığına şahidlik etmək üçün. Ancaq söhbət xarici ölkələrdən gedəndə, ilk növbədə, yadında ilk qarşılama təəssüratı olur.
Moskvanın, İstanbulun, Strasburqun, Nyu-Yorkun, Romanın, Budapeştin, Parisin aeroportlarından aldığım təəssüratı və yaşadığım ləzzəti bu dəfə mən Naxçıvan hava limanından çıxanda aldım.
Mənim üçün doğrudan da, çox xoş idi ki, ənənəvi hay-küylü, maşınları kimi özlərinin də üst-başı bulaşıq, qaraçı kimi adam soymaq amaclı, "qaz" axtaran, hərifə cuman klassik "xalturşik"i yox, tərtəmiz taksilərində ədəblə sürücülük edən, müştərinin istəyi ilə uyğunlaşan, müştəri sual verdikdə mərifətlə və etiket qaydalarına müvafiq cavab borcundan çıxan tam fərqli bir xidmət personalı gördüm.
Yol hərəkəti qaydalarına dəqiqliklə riayət edən və artıq regionda bunun hamı üçün - sadə kəndlidən tutmuş məmur və övladları da daxil istisnalıq olmayan - bir qaydaya çevrildiyinin fərqinə vardım. İstənilən bir kimsə buna şahidlik edə bilər: nəinki günlərlə, hətta aylarla belə izləməli olsanız da, Naxçıvanın bu gün sərgilədiyinə şahid olduğum "şəhər mədəniyyəti" kriteriyalarında bir çatışmazlıq görməzsiniz.
Və 4 il öncə bir cüt qoşa yollu asfaltın sanki bu dəqiqə istifadəyə verilmiş halı, sərnişin amilinin üstünlüyü məni heyranlıqdan bir az da o tərəfə apardı. Daxilən Azərbaycan əxlaqını, mentalitetini bütün xalqlar üçün nümunə saymaq vətənpərvərliyim öz yerində, amma onu da etiraf edim ki, biz hər zaman istədiyimiz xalqı və ölkəni görmürük... Yolüstü Naxçıvanda olduğum son səfərim zamanı mən Avropanı gördüm: belə deyək ki, "miniavropa modeli"ni.
Hollandı, almanı, ingilisi, ispanı nümunə gətirməyə daha ehtiyac yoxdur;
Artıq hamı bilir ki, eyvandan paltar asılmaz.
Artıq hamı bilir ki, siqaretin kötüyünü küçəyə, səkiyə atmaq olmaz! Ən azından mən gəzdiyim küçələrdəki səliqə-sahmanı görəndə, keçirdiyim qürur hissiylə bahəm, o təmizliyi pozmağa çalışanlara öz içimdə bir kin bəslədim.
Artıq hamı bilir ki, dəfn mərasimi molla qarnı doyurmaq üçün, "ac-yalavac karuseli" və "mərhumun vizit kartı" deyil.
Artıq hamı bilir ki, bu şəhərin yaşam tərzi var.
Bir vaxtlar küçələrində, səkilərində yel vurub yengələr oynayan şəhərin indiki yaşıllığı artıq o qənaəti yaradır ki, Naxçıvan bölgənin oksigen bazasıdı; həmişəyaşıl ağaclarla birgə, mövsümün donunu bəzəyən flora və faunamızın ekzotik və həm də nadir nümunələri təkcə göz oxşamır, eyni zamanda, ruha və düşüncəyə rahatlıq gətirir: bu, məkan bizim doğma Azərbaycanımızın bir parçasıdı.
Mən Naxçıvandan razı halda Türkiyəyə üz tutdum və ilk dəfə heyranlıqla qədəm qoyduğum Türkiyəyə öz heyranlığımla gəldim: bu, Avropa yaşam modelinin Naxçıvan modeliydi. Belə deyim ki, indi o xoş təəssürat da vardı ki, Naxçıvandan narazı qalmaq üçün bir əsas qalmayıb. Hətta "razılıq etalonu" sayılan Nehrəmin məmnunluğu qarşılığında "Bənəniyar gileyi" bir elə də qıcıq yaratmır.
"Həmişənarazılar"ın getdikcə "bəhanə narazılıqlarını" zaman öz içində əridir.
Naxçıvanda coğrafi obrazın avropalaşmış görüntü modeliylə bərabər, adamlarının avropalılaşma modelinə inam var: düz adamların yalanı özlərinə yük etmək kimi yabançı xisləti olmur.
Öyrəndiyimiz və razılaşdığımız ilk nümunə dəfn və yas mərasimiylə bağlıydısa, deməli, biz qalan pis adətləri də elə onların timsalında dəfn edəcəyik!
İstənilən halda.../// aktual.az