Sosial şəbəkədə Hikmət Hacıyevin adından saxta yayılıb.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi sosial şəbəkələrdə Prezidentin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından "deepfake” texnologiyası ilə hazırlanmış, saxta və reallığı əks etdirməyən video yayıldığını açıqlayıb.
Agentliyin məlumatına görə, bu süni intellekt vasitəsilə hazırlanmış dezinformasiya ictimai rəyi çaşdırmağa, Azərbaycan və Türkiyə arasındakı münasibətləri zədələməyə və strateji müttəfiqliyə xələl gətirməyə yönəlib.
Cəmiyyət rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri və ictimai fəalları isə bu kimi hallara qarşı prinsipiallıq nümayiş etdirməyə çağırılır. Eyni zamanda, sosial şəbəkə platformalarının sahibləri və müvafiq qurumlar zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması üçün tədbirlər görməyə dəvət olunub.











































