Media Hüququ İnstitutundan Rafiq Tağı açıqlaması

Media Hüququ İnstitutundan Rafiq Tağı açıqlaması
MEDİA
16:22 06.08.2012
1115
Media Hüququ İnstitutu (MHİ) tanınmış publisist-yazar Rafiq Tağının qətlə yetirilməsindən 10 aya yaxın vaxt ötməsinə baxmayaraq cinayətin üstünün hələ də açılmamasını, istintaq-əməliyyat qrupunun araşdırmalar barədə topluma bilgi verməməsini qınayır. Ictimai müzakirələrə təkan verən kəskin yazıları ilə tanınan, bu yazılarına görə bir vaxtlar cinayət cəzası alan Rafiq Tağı 19 noyabr 2011-ci il tarixdə kimliyi bilinməyən şəxslər tərəfindən bıcaqlanmışdı. Həkimləri R.Tağının ölüm təhlükəsinin olmadığını desələr də, davamlı olaraq ölümlə təhdid olunan publisist-yazar noyabrın 23-də müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi. Qətllə bağlı 2011-ci ilin noyabrında qəsdən adam öldürməyə görə cinayət işi açılıb, Respublikanın Baş Prokuroru cənab Zakir Qaralov istintaqa şəxsən nəzarət edəcəyini bəyan edib. Qətlin istintaqı ilə bağlı hüquq mühafizə qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə xüsusi qrup da yaradılıb. Qətldən 10 aya yaxın vaxt ötsə də, cinayət hadisəsinin araşdırması ilə bağlı hələ də yenilik yoxdur. Publisist-yazarın qatilləri tapılmayıb. Qətl hadisəsini araşdıran xüsusi qrup yalnız bir neçə ay öncə qısa açıqlama verərək araşdırmaların davam etdiyini bildirib. İctimaiyyətə araşdırmaların detalları ilə bağlı heç bir bilgi verilməyib. Mərhum yazarın yaxınları, vəkilləri dəfələrlə istintaqın ləng aparılmasından, araşdırmaların gedişi ilə bağlı onlara belə bilgi verilməməsindən narazılıqlarını bildiriblər. MHİ qeyd edir ki, jurnalistlərin, yazarların bütün qətl hallarını, eləcə də zorakılıq aktlarını və onların ünvanına yönələn fiziki hədələrin təhqiqatını aparmaq hər bir hökumətin vəzifəsi, borcudur. Belə olayların qısa müddətdə, effektiv araşdırılması zərurəti jurnalistlərin şəxsi haqqlarından əlavə, demokratiyanın ifadə azadlığına vazkeçilməz tələbatından irəli gəlir. Jurnalistlərin, yazarların ölüm hallarının cəzasız qaldığı ölkələrdə demokratiya və hüququn aliliyi prinsiplərindən danışmaq çox çətindir. Rafiq Tağının qətlinin istintaqında yeniliklərin olmaması təəssüf doğurmaqla yanaşı, cinayəti araşdıran qurumların effektiv fəaliyyətilə bağlı ciddi narahatlıqlar yaradır. MHİ belə narahatlıqların tənqidçi yazarların, toplumun tənqidi düşünən kəsiminin gözünü qorxutmağa, onları cəmiyyətdə, hökumətdə baş verənlər barədə diskussiyalar aparmaqdan, öz düşüncələrini açıq ifadə etməkdən çəkindirməyə xidmət etdiyini vurğulayır.
OXŞAR XƏBƏRLƏR