Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi "MEDİA könüllüləri” Proqramına başlayır.
Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, təlimlər və layihələrdə iştirakı nəzərdə tutulur.
"MEDİA könüllüləri” proqramı medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin edəcək. Bəs bu proqramın Azərbaycan mediasına verəcəyi töhfələr nələrdən ibarət olacaq?
"Bu Azərbaycanın yeni mediasına baxış bucağında müsbət bir yanaşma tərzidir"
Əməkdar jurnalist Elçin Mirzəbəyli AZXEBER.COM-a layihə ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, ölkəmizdə könüllülük hərəkatı faktiki olaraq uğur qazanıb: "Könüllülük hərəkatı uğur qazanıb və ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə könüllülük hərəkatının nə qədər effektiv bir fəaliyyət göstərdiyinin şahidi olmuşuq. Bu mexanizm "ASAN könüllüləri”ndə də özünü xüsusi şəkildə biruzə verib və olduqca müsbət nəticələrə gətirib. Eyni zamanda bu, kadr bazasının formalaşmasında müsbət rol oynayıb. Mediamızın gələcəyi baxımından "MEDİA könüllüləri” Proqramının həyata keçirilməsinə də olduqca müsbət yanaşıram və təqdir edirəm”.
Elçin Mirzəbəyli bu proqramın gənclərə böyük töhfəsi olacağını bildirib: "Gənc insanların mediaya olan həvəsinin oyanması və bu prosesdə praktiki olaraq öz fəaliyyətlərini davam etdirməsi, təcrübə toplaması gələcəkdə media sektorunda fəaliyyət göstərməyi arzu edərlərsə, artıq onlar müəyyən təcrübə keçmiş insanlar kimi davranacaqlar. Eyni zamanda layihədə konkret proqram əsasında onların hazırlanması həyata keçiriləcək ki, bu da Azərbaycanın yeni mediasına baxış bucağında müsbət bir yanaşma tərzidir. Düşünürəm ki, "Media könüllüləri” yalnız Medianın İnkişafı Agentliyi ilə deyil, eyni zamanda ayrı-ayrı media qurumları ilə, o cümlədən çap mediası ilə, internet mediası ilə çox yaxından əməkdaşlıq etməli və bu qurumlarda öz təcrübələrini artırmalıdır. Mənim qənaətimə görə, yanaşma belə də olacaq. Bu prosesdə uğurlar diləyirəm”.
"Hamı əlini daşın altına qoymalıdır".
Jurnalist Əfsələddin Ağalarov gənclər üçün belə bir imkanın yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Hər zaman bir fikirdə olmuşam ki, əgər biz gələcəkdə mediamızı fərqli tərzdə görmək istəyiriksə, mütləq gənclərə yer verməliyik. Bunun üçün gənc jurnalistlərin yetişdirilməsi prosesi olmalıdır. Məhz MEDİA-nın bu layihəsi gənc jurnalistlərin yetişdirilməsi istiqamətində böyük önəm ərz edir. Bu gənclərin içərisində innovativ layihələr icra edə bilən, medianın yeni imkanlarından istifadə edə bilənlərin ortaya çıxmasına, onların "startap" layihələri icra etmələrinə imkanlar yaradacaq”.
Ə.Ağalarov KİV-ləri gələcəkdə "Media Könüllüləri” layihəsində iştirak edən gənclərdən yararlanmağa, onları işlə təmin etməyə səsləyib: "Mən bütün həmkarlarımıza səslənirəm. Hər birmizin bir gənci öz yanımıza alsaq, ona jurnalistikanın praktik təməl bilgilərini aşılasaq yaxın gələcəkdə böyük dəyişiklərin olduğunu görəcəyik. Həm mediamıza yeni adlar, yeni üzlər gələcək, həm də biz "Azərbaycanda jurnalistlər peşəkardırmı?” kimi absurd sualın ətrafında illərimizi sərf etməyəcəyik. Biz bu sualı verməməliyik, bu sualın "Bəli” cavabını özümüz yaratmalıyıq. Hamı əlini daşın altına qoymalıdır. Media mühitimizdə yeni nəfəsləri, yeni beyinləri, yeni rəngləri görmək istəyiriksə gənclərə qucaq açmalıyıq”.
"Gələcəkdə Azərbaycan mediasında bacarıqlı, peşəkar, mükəmməl kadrların formalaşmasında çox mühüm töhfə olacaq”.
Jurnalist Fərid Şahbazlı da AZXEBER.COM-a Proqramın üstünlükləri haqda danışıb. O, qeyd edib ki, media sahəsində də könüllülərin yaradılması vacib bir istiqamətdir: "Ölkəmizdə bütün sahələri əhatə edən könüllülük hərəkatı genişlənib. Gənclərin könüllülük hərəkatına qoşulması geniş vüsət alıb və bu, xüsusi bir inkişafa gətirib çıxarır. Media sahəsində də könüllülərin yaradılması, hesab edirəm ki, vacib bir istiqamətdir. Son zamanlar media sahəsində ciddi islahatlar həyata keçirilir. Belə bir mərhələdə MEDİA könüllülərinin yaradılması və gənclərin də bu prosesə cəlb olunması, bu islahatların təbliğ edilməsi, gənclər arasında yayılması baxımından çox önəmlidir. "Media könüllüləri” Proqramında gənclər də media sahəsində maarifləndiriləcək, onların təcrübəsi artırılacaq. MEDİA Agentliyi tərəfindən jurnalist olmaq istəyən gənclərin təcrübə cəhətdən bilik və bacarıqları yüksəldiləcək ki, bu da çox vacibdir. Gələcəkdə Azərbaycan mediasında bacarıqlı, peşəkar, mükəmməl kadrların formalaşmasında çox mühüm töhfə olacaq”.
Fərid Şahbazlının sözlərinə görə, bu proqram gənclər üçün müsbət təşəbbüsdür: "Jurnalistikaya, mediaya marağı olan gənclər bu prosesin iştirakçısı olmaqla həm Media Agentliyinin fəaliyyətinə, onun təbliğ etmək istədiyi dəyərlərin yayılmasına dəstək verəcəklər, həm də özləri təkcə jurnalistika sahəsi ilə bağlı deyil, media idarəçiliyi sahəsində də böyük təcrübələr qazanacaqlar. Hesab edirəm ki, media ölkə ictimaiyyətinin böyük bir hissəsini əhatə edir. Burada da "MEDİA könüllüləri” Proqramının başlanması gənclər üçün çox vacib və müsbət təşəbbüsdür”. Qeyd edək ki, "MEDİA könüllüləri” Proqramı 2 ay müddətində davam edəcək. Könüllülük fəaliyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar.