MEDİA-nın 1 yaş tortu: "Hər kəs anlayıb ki, möcüzə bu divarlar arasında baş verməlidir"

ÖZƏL
16:33 12.01.2022
1383

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaranmasından bir il ötür.

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli fərmanı ilə yaranan agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərmək məqsədi ilə yaradılmışdı.

Bəs, agentliyin son bir ildəki fəaliyyəti media nümayəndələri tərəfindən necə qiymətləndirilir?


"Hər şey görünə biləcək qədər yaxınlıqda və aydınlıqdadır”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyli MEDİA-nın son bir ildə arzuolunan işlərlə yadda qaldığını bildirib: "Medianın İnkişafı Agentliyinin (MEDİA) yarandığı gündən 1 il ötür. Qısa müddətdir və illərdən bəri yığılıb qalmış problemləri nəinki 1 il, hətta islahatların nə dərəcədə sürətlə həyata keçirilməsindən asılı olmayaraq, 5 il ərzində belə həll etmək mümkün deyil. Çünki sektorun iştirakçılarının sayı kifayət qədər çoxdur və belə olduğu təqdirdə, yalnız yuxarıdan aşağı islahatlar aparmaqla arzuolunan nəticələrə nail olmaq inandırıcı görünmür. Bu xüsusda bir məqama da diqqət çəkməyi vacib hesab edirəm. Bunu etiraf kimi də qəbul etmək olar: Media sektorundakı real problemlərin əhəmiyyətli olmasa da, çox mühüm və bəlkə də həlledici hissəsinin ayrı-ayrı media subyektlərinin rəhbərlərinin təqdimatında ön sırada dayanan nəsnələrlə yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Media subyektlərinin bir hissəsi problemlərə və onların həllinə yanaşmada bir çox hallarda tərəf kimi çıxış edir. Hər kəs öz maraqlarından çıxış etməyə, onun və rəhbərlik etdiyi subyektin problemlərinin hamıdan çox olduğunu diqqətə çatdırmağa və son nəticədə "yorğanı” öz üzərinə çəkməyə çalışır. Gerçək problemlərin fundamental önəm kəsb edən hissəsi isə, zənnimcə bütün bu korporativ təqdimatlardan kənarda, gözlə görünməyən, yaxud məqsədyönlü şəkildə gizlədilən detallardadır. Ötən 1 il ərzində gəldiyim qənaət də bundan ibarətdir, hətta ilk baxışda öz ziyanımıza olsa da belə.

MEDİA-nın 1 illik fəaliyyətində təqdir etdiyim ən önəmli cəhət təsisatın sektordakı problemlərin həllinə mane olan amillərə real mənzərəni tam çılpaqlığı ilə ortaya qoyan baxış bucağından yanaşmasıdır”.

Elçin Mirzəbəyli qeyd edib ki, ötən il ərzində görülən işlərin real nəticələri bu ilin ikinci yarısından etibarən daha aydın şəkildə nəzərə çarpacaq: "Burada hər kəsə bəlli olan ayrıntılara diqqət çəkmək, nələrisə böyütmək, yaxud kiçiltmək niyyətində deyiləm. Hər şey görünə biləcək qədər yaxınlıqda və aydınlıqdadır. Medianın müasir çağırışlara uyğun hüquqi bazasının yaradılması, jurnalistlərin və sektorda çalışan digər peşə sahiblərinin peşəkar vərdişlərinin artırılması, beynəlxalq və real təcrübə mübadiləsi, gəlir və xərclərin optimallaşdırılması, güzəştlərin tətbiqi və digər istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər də həmçinin. Nəticələr ölçülə biləndir və hansısa təbliğat maşının "istehsal etdiyi” söz yığını deyil. Zənnimcə, ötən il ərzində görülən işlərin real nəticələri bu ilin ikinci yarısından etibarən daha aydın şəkildə nəzərə çarpacaq. Həm də tədricən, addım-addım, hissə-hissə, yaxud ola bilsin ki, daha kiçik ölçüdə, amma görünəcək. Buna zərrə qədər də şübhə etmirəm. Ötən 1 il ərzində MEDİA ilə həm də bir-birimizi anlamağa çalışdıq. Buna nail olduğumuzu düşünürəm. İndi ədalət hissini heç bir zaman kəsiyində və şəraitdə itirməyən həmkarlarımın ön yarğı "qalxan”larını bir kənara atıb öz işləri ilə məşğul olduqlarını görəndə, sevinirəm. Gözlər yollardan yığılıb və redaksiyaların divarlarının sərhədlərinə çəkilib. Hər kəs anlayıb ki, möcüzə bu divarlar arasında baş verməlidir. Dəyişikliklərin, islahatların yolu redaksiyalardan keçir. MEDİA isə bu prosesin iştirakçılarından, yəni bizdən biridir. İndi bütün fərqli çalarları və xüsusiyyətləriylə bərabər medianın bir üzü və bir yolu var. Bu yol da mediadan və MEDİA-dan keçir”.

"Hədəflərə çatmaq üçün bir il kifayət deyil, bir neçə ilə ehtiyac var”.


Mövzu ilə bağlı AZXEBER.COM-a danışan "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı agentliyin son bir ildəki fəaliyyətində müsbət işlərin gördüyünü deyib: "Medianın İnkişafı Agentliyinin (MEDİA) bir ildə göstərdiyi fəaliyyəti müsbət dəyərləndirmək olar. Çünki bu bir il müddətində xeyli işlər görüldü. İstər kadr hazırlığı baxımından, istər təlim və seminarların keçirilməsi baxımından, istərsə də jurnalistlərin təcrübələrinin artırılması baxımından. Mətbuatın inkişafı, inkişaf konsepsiyasının müəyyənləşməsi ilə bağlı keçirilən tədbirlər, onların çoxunun açıq, diskussiya şəklində aparılması müsbət hallardır. Eyni zamanda MEDİA bir ildə həm də "Media haqqında” qanun layihəsini hazırladı. Bu qanun layihəsi cəmiyyətdə hamı tərəfindən eyni qarşılanmadı. Cəmiyyətin bütün təbəqələri tərəfindən bu layihə ilə bağlı sosial şəbəkələrdə, televiziyalarda müzakirələr keçirildi. Hesab edirəm ki, MEDİA-nın islahatlarla bağlı ilkin olaraq gördüyü iş və hədəfləri doğrudur, düzgündür. Sadəcə olaraq bu hədəflərə çatmaq üçün 1 il kifayət deyil, bir neçə ilə ehtiyac var. Əsas diqqəti medianın iqtisadi inkişafına, iqtisadi müstəqilliyinin artırılmasına yönəltmək lazımdır. Düşünürəm ki, bu sahədə də növbəti illərdə müəyyən işləri görəcəyik”.

"Bir il qısa bir müddət olsa da, görülən işlərə inanmaq və dəstəkləmək mühim olanıdır”.


Mövzu ilə bağlı fikirlərini bildirən "Azxeber Media” nın direktoru Əfsələddin Ağalarov MEDİA-nın inkişaf konsepsiyasının addım-addım hədəfə yönəldiyini və yaxın gələcəkdə bu konsepsiyanın medianın "fizionomiyası”nda öz əksini tapacağını bildirib:

"İlk növbədə onu anlamalıyıq ki, Azərbaycanda jurnalistikasının nüfuzunu qorumaq, onu cəmiyyətin gerçək keşişçisinə çevirmək ən təməl istək və arzu olmalıdır. Çünki bizim başqa alternativimiz yoxdur. Azərbaycan dövlətinin milli maraqlarını qorumaq üçün onun informasiya sahəsindəki Xüsusi Təyinatlıları jurnalistlərdir. Bizim digər ölkələrdən fərqimiz də bəlkə də bundadır. Azərbaycan mediası "7/24” hazır olmalıdır. Yatmamalıdır, yuxulamamalıdır, heç mürgüləməməlidir də. Necə ki, bir peşəkar hərbçi əlində silahı, bir neçə dildə danışmaq bacarığı, yerindəcə qərarvermə və icraetmə instinkti ilə mübarizə aparır, Azərbaycan mediası da bu mübarizəyə eyniylə hazır olmalıdır.

İndi informasiya ilə işləmək bacarığı olan, dövlət sirri ilə xəbərin arasında fərqi duyan, öz milli maraqlarını bütün kənar maraqlardan üstün tutan mühitə ehtiyacımız daha çoxdur. Önəmli olan Azərbaycan oxucusunu və izləyicisini yerli medianın dairəsində saxlamaq, informasiya ilə doğru davranaraq onları kənar mediavirusların ağuşundan çəkib almaq refleksləridir.

MEDİA İnkişaf Agentliyin belə bir ehtiyacların gözlə görünə biləcək şişkinlikdə olduğu bir dönəmdə yarandı və ilkin vəzifəsi medianın "reanimasiya” palatasından çıxartmaq oldu. Bir il qısa bir müddət olsa da, görülən işlərə inanmaq və dəstəkləmək mühim olanıdır. Ən əsası MEDİA fərqli və yeni yanaşması ilə buna layiqdir.

Başlanğıc olaraq jurnalistlər üçün davamlı təlimlər keçirildi və yerli jurnalistlər beynəlxalq təcrübə ilə tanış oldular. Bu təlimlərlə yanaşı media nümayəndələrinin Media Haqqında Qanunun hazırlıq mərhələsinin gedişatındakı müzakirələrdə də iştirak etdilər. Ekstremal jurnalistika ilə bağlı yerli media nümayəndələrinin qardaş Türkiyədə təcrübəyə göndərilməsi, dövlət orqanları ilə media subyektləri arasında müxtəlif görüşlərin təşkil edilməsi ilə münasibətlərin daha sivil məcraya daşınması, çap mediası ilə yanaşı ölkənin yeni media subyektlərinə də yardımların ayrılması konsepsiyanın bir hissəsi idi. Ən sonuncu addım əlbəttə ki, ilin sonunda "Media Haqqında Qanun”un geniş ictimai müzakirələrdən sonra qəbul edilməsi oldu. Biz bu önümüzdəki ildə "Media Haqqında Qanun”un işlək mexanizmləri ilə əyani tanış olacaq və onun mediamızın "fizionomiyası”na necə təsir etdiyini aydın görəcəyik”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR