"MEDİA-nın yeni qərarı onlayn medianın dayaqlarını möhkəmləndirəcək" — Əfsələddin Ağalarov

"MEDİA-nın yeni qərarı onlayn medianın dayaqlarını möhkəmləndirəcək" — Əfsələddin Ağalarov
MEDİA
17:20 13.11.2025
145
Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə göstərilən maliyyə dəstəyinin artırılması qərarı media ictimaiyyətində geniş müzakirə olunur.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı "Azxeber Media”nın baş direktoru Əfsələddin Ağalarov açıqlama verib. O bildirib ki, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək məbləğini artırması ilə bağlı qərar hazırkı iqtisadi templə ayaqlaşacaq və redaksiyaların fundamental dayaqlarını möhkəmləndirəcək.

"Bu qərarı media sektorunda baş verən müsbət transformasiyanın mühüm mərhələsi kimi dəyərləndirmək olar. Bu addım həm dövlətin medianın dayanıqlı inkişafına verdiyi strateji önəmin, həm də informasiya təhlükəsizliyi və ictimai rəyin sağlam formalaşması istiqamətində həyata keçirilən siyasətin davamıdır.

Son illər medianın iqtisadi müstəqilliyi, rəqabət qabiliyyəti və peşəkar inkişafı istiqamətində mühüm addımlar atılıb. Dəstək mexanizmlərinin təkmilləşdirilməsi bu media qurumlarının həm texnoloji imkanlarını genişləndirəcək, həm də redaksiya müstəqilliyini qoruyaraq daha keyfiyyətli, operativ və məsuliyyətli jurnalistikanın inkişafına şərait yaradacaq.

Medianın İnkişafı Agentliyinin bu qərarı həm də medianın iqtisadi modelində yeni bir mərhələ yaradır — redaksiyalar üçün davamlılıq, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan bir sistem formalaşdırır. Bu, media sektorunun gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır və ölkənin informasiya mühitinin sağlamlaşdırılmasına xidmət edir”, — deyə Ə.Ağalarov qeyd edib.

O, həmçinin yeni qərarın jurnalistlərin sosial rifahına da müsbət təsir göstərəcəyini bildirib:

"Son illər dövlət və özəl sektorda əməkhaqları ilə bağlı verilən qərarlar və yeniliklər media üçün də yeni tələblər formalaşdırmışdı. Jurnalistlərin əməkhaqlarının mövcud iqtisadi mühitə uyğunlaşdırılması çox vacib idi. Bu qərar redaksiyaların üzərinə düşən yükü azaldacaq, əməkhaqqı siyasətini sabitləşdirəcək və jurnalistlər üçün daha stabil iş şəraiti yaradacaq”.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib. Müsabiqənin yekununda qalib elan olunan media subyektləri ilə Agentlik arasında hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır. Müqavilə 6 ay müddətində qüvvədə olur və bu dövrdə redaksiyada çalışan ən azı dörd nəfər işçinin hər birinin əməkhaqqı minimum 800 manat təşkil etməlidir.
OXŞAR XƏBƏRLƏR