Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistan rəhbərliyinin xarici siyasət kursunu dəyişməsinin ölkə üçün ağır nəticələr doğura biləcəyini bildirib. O, Ermənistan üçün "ən qorxulu ssenarinin” ölkənin "yeni Ukraynaya” çevrilməsi olduğunu deyib.
Medvedev bu barədə İran dövlət televiziyasına müsahibəsində danışıb.
"Ermənistanın indiki rəhbərliyi inkişaf vektorunu dəyişməyi düzgün hesab edib. Əminəm ki, bu da yaxşı heç nəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən qorxulu şey onun yeni Ukraynaya çevrilməsidir”, - Dmitri Medvedev bildirib.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini adını çəkmədiyi dövlətləri Cənubi Qafqaz ölkələri arasında parçalanma yaratmağa çalışmaqda da ittiham edib.
O, buna nümunə kimi Gürcüstanı göstərib. Medvedevin iddiasına görə, vaxtilə Gürcüstana NATO-ya üzvlük perspektivi təqdim edilib, lakin bunun nəticəsi hərbi qarşıdurma olub və ölkə sonda Alyansa üzv qəbul edilməyib.
Dmitri Medvedev hesab edir ki, Qərb indi oxşar üsulla Rusiya-Ermənistan münasibətlərini "möhkəmlik sınağından keçirir”.
Moskvanın narazılığı Ermənistanın son illərdə Avropa İttifaqı ilə yaxınlaşması fonunda artır. 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib.
Rusiya rəsmiləri bundan sonra dəfələrlə bildiriblər ki, Ermənistanın eyni zamanda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında tamhüquqlu üzvlüyü mümkün deyil.
Vladimir Putin də Ermənistanın gələcək inteqrasiya istiqaməti ilə bağlı qərarın referendum yolu ilə verilməli olduğunu söyləyib və İrəvana Ukrayna ssenarisini xatırladan xəbərdarlıqlar edib.
///musavat///











































