Məhərrəm ayında toy etmək olarmı? - Hacı Şahindən açıqlama

SOSİAL
15:39 12.08.2020
37667
Bu il Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayır. 

Ölkədə tətbiq olunan karantin rejimi isə tədricən yumşaldığına görə toylara icazə verilməsi məsələsi gündəmə gəlir.
 
Azərbaycanda mart ayından kütləvi tədbirlərlə yanaşı toyların da keçirilməsi qadağandır. İnsanlar arasında karantin yumşaldılacağı təqdirdə Məhərrəm ayında toyların keçiriləcəyinə haqda fikirlər səsləndirilir.

Bəs Məhərrəmlik ayında toy etmək olarmı? 

AZXEBER.COM bu sualla Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənliyə müraciət edib.

O, açıqlamasında bildirib ki, Məhərrəm ayında insanlar İmam Hüseynə hörmət əlaməti olaraq əsrlərlə formalaşmış ənənəyə uyğun olaraq, toy və şadlıq etməkdən çəkinirlər: 

"Məhərrəmlik ayında məscidlərdə belə dini ayinlərin icra olunması gözlənilmir. Məhərrəm ayında toy qadağasının götürülməsi haqda dəqiq məlumat yoxdur. Hər bir halda Məhərrəm ayında insanlar İmam Hüseynə hörmət əlaməti olaraq əsrlərlə formalaşmış ənənə olaraq, toy və şadlıq etməkdən çəkinirlər.

Mən düşünürəm ki, Məhərrəm ayının sonuna qədər kütləvi tədbirlərlə bağlı qadağalar ləğv olunmayacaq. Digər məsələlərlə bağlı yumşalmalar var və düşünürəm daha da çox. Ancaq kütləvi tədbirlər haqda qərar olmadığı üçün insanlar da bunu anlayışla qarşılayırlar. Kütləvi tədbirlər koronavirusa yoluxmaq üçün münbit şəraitdir". 

"Bəs Məhərrəm ayında dini ayinlər necə yerinə yetirməlidir?" sualına isə Hacı Şahin belə cavab verib: 

"Bu haqda Qafqaz Müsəlmanları İdarəsi də öz təkliflərini Operativ Qərargaha verir. Onlarla tətbiq olunan qaydalarla bağlı müəyyən müzakirələr olur. Bu gün Məhərrəmlik məclislərində daha çox kütlənin iştirak etdiyinə görə, həmin protokollara əməl etmək bir qədər çətin olur və bununla bağlı da heç bir icma bu məsuliyyəti boynuna götürə bilmir.
 
Əlbəttə, arzu edirik ki, bu proses çox uzanmasın. Hamımızın istəyi odur ki, vaksin tapılsın və xəstəlik bitsin, biz də normal həyata qayıdaq. Bu hər bir insanın arzusudur. İnsanlar Ramazan, Qurban bayramında da o xütbələri online olaraq izləyib, ayinlərdə o şəkildə işrirak etdilər. Məhərrəm ayında da din xadimləri sosial şəbəkə vasitəsilə insanlara müraciət edəcək və ayinlərlə bağlı bilgilər veriləcək. Ancaq hələ ki, kütləvi tədbirlərin keçirilməsi bir qədər mümkün görünmür. İnsanların da bunu anlayışla qəbul etdiyini düşünürəm".
 
Günel Hüseynli,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

X Mostbet