Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab
SOSİAL
21:49 17.06.2026
206
Məhərrəm ayının yaxınlaşması ilə cəmiyyətdə dini ayinlər, matəm mərasimləri və gündəlik həyat tərzi ilə bağlı müxtəlif məsələlər yenidən müzakirə mövzusuna çevrilir. Xüsusilə musiqi dinləməyin bu dövrdə nə dərəcədə doğru olub-olmaması, eləcə də İslamda musiqinin hansı hallarda haram sayılması ilə bağlı fərqli fikirlər səsləndirilir.
 
Bəs İslam dini musiqiyə necə yanaşır və Məhərrəmlik günlərində bu məsələyə münasibət necə olmalıdır?

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslamda musiqi məsələsi birmənalı şəkildə qəbul olunan mövzulardan deyil.
 
Onun sözlərinə görə, islam alimləri tarix boyu musiqini əsasən iki qismə bölüblər:

"Din alimləri insanın şəxsiyyətini və ləyaqətini alçaldan, mənəvi dəyərləri zədələyən, insanı haqqdan, ədalətdən, sevgidən uzaqlaşdıran, onu nəfsani istəklərə və mənasız həyata yönəldən musiqi növlərini məqbul hesab etməyiblər. Bu cür musiqilər yasaq sayılıb”.
 
İlahiyyatçı qeyd edib ki, əksinə, insanı mənəvi kamilliyə, mərifətə, irfana və yüksək əxlaqi dəyərlərə səsləyən musiqi və nəğmələrə daha müsbət yanaşılıb:

"İlahi məzmun daşıyan, insan ruhunu saflaşdıran, onu yaxşılığa və mənəviyyata təşviq edən nəğmələr islam alimləri tərəfindən qəbul olunub və onlara xoş münasibət göstərilib. Məhərrəm ayı İslam tarixində hüzn, matəm və mənəvi təfəkkür dövrü kimi qəbul edilir. Bu səbəbdən bir çox möminlər həmin günlərdə əyləncə xarakterli musiqilərdən uzaq durmağa üstünlük verirlər. Məqsəd Kərbəla şəhidlərinin xatirəsinə ehtiram göstərmək və bu günlərin mənəvi mahiyyətini qorumaqdır”.
 
İlahiyyatçı vurğulayıb ki, Məhərrəmlik dövründə musiqiyə münasibət dini məzhəblər və fərdi baxışlar baxımından müəyyən fərqlər göstərsə də, ümumi yanaşma bu ayın matəm ruhuna uyğun davranmaqdan ibarətdir. 
OXŞAR XƏBƏRLƏR