Mehman Əliyevin namizədlik iddiası 'Milli Şura'nı bitirəcək

Mehman Əliyevin namizədlik iddiası
Bütün Xəbərlər
03:22 15.08.2013
1593

Milli Şuranın Ictimai Əlaqələr Komissiyasının sədri, “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev son zamanlar ziddiyyətli açıqlamalarıyla yadda qalır. 

Jurnalist mətbuata son açıqlamasında Milli Şuranın “vahid namizəd” məsələsinə toxunub və bu haqda deyib: “Cəmil Həsənli artıq Milli Şuranın vahid namizədlik məsələsiylə bağlı mövqeyini bəyan edib. Rafiq Əliyev bu proseslərdən uzaqlaşıb və inanmıram yenidən proseslərə qatılsın. Gültəkin xanımın qərarını isə deyə bilmərəm. Amma mən vahid namizəd olmağa razılıq verərəm”.

Maraqlıdır ki, Mehman Əliyev bundan öncə “faktxeber.com” saytına açıqlamalarında ümumiyyətlə müxalifətə vahid namizəd lazım olmadığını demişdi: “Mən düşünürəm ki, müxalifətə vahid namizəd ümumiyyətlə lazım deyil. Özünü müxalifət hesab edən hər kəs namizədliyini irəli sürməli və kim daha şanslıdırsa o da qalib gəlməlidir”.

Mehman Əliyev bundan bir neçə ay sonra isə “Reytinq” qəzətinə isə tamamilə fərqli sözlər demişdi: “Mən 2013-cü il prezident seçkilərində müxalifətin favorit namizədi kimi İsa Qəmbəri görürəm. Bu gün güclü, potensiallı, sayına və cəmiyyətdəki yerinə, nüfuzuna və təsirinə görə Müsavat Partiyası birinci yerdədir. Bu, faktdır və bunu danmaq olmaz”.Daha sonra “Milli Şura”nın sədri Rüstəm İbrahimbəyovun “vahid namizəd”lə bağlı müsahibəsindən ilhamlanan jurnalist nə olursa olsun müxalifətin kinorejissorun ətrafında birləşməsinin lazım olduğunu demişdi. İndi isə Mehman Əliyev özü iddiasını ortaya qoyub və deyib ki, vahid namizəd özü olmalıdır.

Mehman Əliyevin bir neçə ayda fikrini bui qədər dəyişməsi müxalifət daxilində də birmənalı qarşılanmayıb. Müxalifət mətbuatının yazdığına görə, Milli Şuranın tərkibində Mehman Əliyevə qarşı koalisiya yaradılıb və əgər jurnalist “vahid namizəd” olsa həmin şəxslər “Milli Şura”dan ayrılacaqlarını deyiblər.

Onu da qeyd edək ki, “Milli Şura” daxilində prezidentliyə namizəd olmaq kifayət qədər insan var. Bunlar: Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ziyalılar Forumunun üzvü Eldar Namazov və digər gizli namizədlərdir. Adlarını çəkdiyimiz şəxslərin Mehman Əliyevə güzəştə getməyəcəkləri də hava-su kimi aydındır. 

Görünən odur ki, “Milli Şura” son günlərini yaşayır və hər zaman olduğu kimi bu dəfə də Azərbaycan müxalifəti parçalanmaqla üz-üzədir. Çox güman 19 avqust tarixi "Milli Şura"nn sonu olacaq və müxalif namizədlər özləri ayrı-ayrı namizədlərini irəli sürəcəklər.

Hacıbəy HeydərliAZXEBER.COM

OXŞAR XƏBƏRLƏR