Avqustun 7-də foto-bloqqer, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov Səbayil rayon Polis İdarəsinə dəvət olunub. Bu barədə Mehman Hüseynov özünün Facebook səhifəsində bildirib. Presspost.az İnformasiya Agentliyi xəbər verir ki, müstəntiq fotoreportyorun Avqustun 8-də özü barəsində açılmış cinayət işi ilə bağlı vəkili ilə birlikdə Polis İdarəsinə gəlməsini tələb edib.
Qeyd edək ki, Mehman Hüseynov iyunun 12-si saat 18 radələrində Səbail rayon Polis İdarəsinə ifadə verməyə gəlib və 3 saata qədər dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanıb.
O, Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurdu.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirmişdi ki, mayın 21-də İctimai Palata BŞİH binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib:
«O, ictimai qaydanı kobud surətdə pozaraq, eləcə də cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, xuliqanlıq hərəkətlərinə yol verib. İyunun 6-da faktla əlaqədar Mehman Hüseynov barəsində Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılıb».
İttiham sübuta yetirilsə, Mehman Hüseynov 1 ilədək azadlıqdan məhrum də edilə bilər. Avqustun 12-də Mehman Hüseynov barəsində başlanmış istintaqın 2 ayı tamam olacaq.