Materialda bakılı politoloq Yevgeni Kriştalyovun da fikrinə istinad edilir. O, belə hesab edir ki, Mehriban Əliyeva “... mahiyyət etibarilə lider qadındır, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan qadındır. O, birinci xanım vəzifəsinin yükünü “elə-belə” sadəcə daşımır, ölkə parlamentinin deputatı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir. O, həmin vəzifələri sadəcə zərurət xatirinə, Azərbaycan Prezidentinin xanımı olduğuna görə deyil, səmimi qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir. Mehriban xanımın insani keyfiyyətləri ona bu dünyanın güclü simalarının çoxu ilə dil tapmaqda kömək edir”.
Yevgeni Kriştalyov Azərbaycanın birinci xanımının başçılıq etdiyi Heydər Əliyev Fondunun bütün dünyada genişmiqyaslı xeyriyyəçilik və humanitar fəaliyyəti barədə söhbət açaraq qeyd edir ki, birinci xanımın Prezident ilə birlikdə səfər etdiyi ölkələrin çoxunda yeni xeyriyyə tədbirləri, humanitar proqramlar həyata keçirmək üçün imkanlar yaranır və o, bu imkanları heç vaxt nəzərdən qaçırmır.