Məktəbin həyətində ibtidai sinif şagirdləri üçün istirahət guşələri yaradılacaq, eləcə də futbol, voleybol, basketbol meydançaları tikiləcək. Məktəbin elektrik və istiliklə dayanıqlı təchizatı üçün qazanxana, su nasosu stansiyası tikiləcək, transformator, su çəni quraşdırılacaq.
Məktəb qəsəbədə mövcud təhsil müəssisələrindəki şagird sıxlığını aradan qaldırmaq, onların keyfiyyətli təhsil almasına daha yaxşı şərait yaratmaqla, xeyli sayda müəllim və xidməti işçinin məşğulluğunu təmin edəcək.
Yeni inşa olunacaq məktəbin sxemi ilə tanış olduqdan sonra qəsəbə sakinləri ilə görüşən və bu əlamətdar hadisə münasibətilə onları təbrik edən Mehriban Əliyeva seçiciləri təşəkkür edib: “Parlament seçkilərində mənə səs verdiyinizə, dəstək olduğunuza görə, sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, biz qarşımıza qoyulan bütün məqsədlərə birgə nail olacağıq. Bu gün də çox gözəl bir səbəblə görüşürük. Binədə yeni məktəbin təməli qoyulur. Çox müasir məktəbdir. 600 şagirdlik bu məktəb ən müasir tələblərə cavab verəcək. Biz nəzərə alırıq ki, Binə qəsəbəsinin əhalisi artır və bu da çox gözəl bir haldır. Ona görə də, əlbəttə 5 məktəb var. Amma daha bir yeni məktəbin olması çox gözəl haldır. Bu gün onun təməlini qoyuruq. Ümidvaram ki, yaxın gələcəkdə bu məktəb də o biri məktəblər kimi vaxtında tikilib istifadəyə veriləcək”.
Sonra Mehriban xanım Əliyeva məktəbin təməlini qoyub. Heydər Əliyev Fondunun prezidenti kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basıb.
Daha sonra Xəzər İnkişaf Fondunun sosialyönümlü layihələrini həyata keçirmək üçün alınmış texnikanın təqdimatı oldu. Rayon ərazisində yaşıllıqların salınması, məişət tullantılarının yığılması, abadlıq işlərinin aparılması məqsədi ilə alınmış 3 su maşını, 2 yükünü özüboşaldan və 4 məişət tullantıları daşıyan “KamAZ” markalı maşın, eləcə də qreyder, yükvuran, traktor, çoxfunksiyalı ekskavator rayonun müvafiq icra strukturlarına təhvil verilib.