Mehriban Əliyeva Parisdə terrorçuluğu qınayıb

Mehriban Əliyeva Parisdə terrorçuluğu qınayıb
Bütün Xəbərlər
21:33 16.09.2011
1397
Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqres keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konqresin açılışında iştirak edib. İştirakçıları salamlayan tədbirin təşkilatçısı, Fransa Terror Qurbanları Assosiasiyasının baş direktoru Qiyyom dö Sen Mark tədbirin əhəmiyyətini qeyd edib və konqresin tərəfdaşlarına minnətdarlığını bildirib . Diqqətə çatdırılıb ki, Avropa Komissiyası, Fransanın xarici və Avropa işləri nazirlikləri ilə yanaşı, Heydər Əliyev Fondu da Konqresin tərəfdaşları sırasındadır. Azərbaycanın bu konqresə xüsusi maraq göstərdiyini deyən Qiyyom dö Sen Mark vurğulayıb ki, tədbirdə Azərbaycandan olan terror qurbanlarının iştirakı Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub.Daha sonra toplantıda Mehriban Əliyeva çıxış edib. Terrorçuluğun bütün dövlətlərə və xalqlara təhlükə olduğunu deyən M.Əliyeva qeyd edib ki, terrorçuluq təhlükəsizliyimizə, cəmiyyətlərimizin demokratik dəyərlərinə, vətəndaşların hüquq və azadlıqlarına, xüsusən də günahsız insanları hədəfə götürən təhlükədir. Onun sözlərinə görə, terrorçuluq cinayət aktıdır və istənilən şəraitdə əsaslandırıla bilməz.“Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır. Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmayıb və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi təcavüz və işğalla üzləşib. Ölkəmizdə 30-dan artıq terror aktı törədilib və nəticədə 2000-dən çox soydaşımız qətlə yetirilib. Bir neçə gün öncə 10-cu ildönümü qeyd edilmiş 11 sentyabr terror hadisələrindən dərhal sonra Azərbaycan terrorçuluğa qarşı mübarizəyə qoşuldu və terrorçuluğa qarşı beynəlxalq koalisiyanın bir hissəsi kimi böyük töhfə verdi», - deyə M.Əliyeva vurğulayıb.Qeyd edək ki, ANS-dən bu tədbirdə erməni terrorunun qurbanları olan ANS ÇM radiostansiyasının baş direktoru, mərhum bəstəkar Rafiq Babayevin qızı Gülarə Babayeva və məşhur jurnalist, siyasi xadim Osman Mirzəyevin qızı, ANS cari xəbərlər redaksiyasının baş redaktoru Sevinc Osmanqızı iştirak edir. Tədbir çərçivəsində S.Osmanqızı da müzakirələrə qatılıb və terror qurbanı olmuş atasının övladı kimi öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.Sevinc Osmanqızı deyib ki, onun üçün 11 sentyabr terror aktları ilə 1991-ci ildə Azərbaycanda vurulmuş və atasının da ölümü ilə nəticələnmiş vertolyot qəzası arasında çox oxşarlıqlar var: “Mənim atam həmin vaxt Azərbaycan prezidentinin mətbuat katibi idi. O, Azərbaycan rəsmiləri, həmçinin Rusiya və Qazaxıstan sülh vasitəçiləri ilə birlikdə Azərbaycanın Dağlıq Qarabağ regionuna uçurdu. Həmin vertolyot ermənilər tərəfindən vuruldu və mənim atamla birlikdə göyərtədə olan bütün insanlar öldü. Mən özüm xəbər departamentində işləyirdim və xəbərlərin aparıcısından atamın öldüyü xəbərini eşitdim».Sevinc Osmanqızı faciədən illər keçsə də, Azərbaycan xalqının bu terror aktını unutmadığını bildirib. Çünki həmin hadisə birbaşa Azərbaycanın gələcəyinə, müstəqil olmasına təcavüz olub.Sabah konqresdəki müzakirələr başa çatacaq. Yekunda tədbir iştirakçılarının terroru pisləyən deklarasiya qəbul edəcəyi gözlənilir.
//ANS
OXŞAR XƏBƏRLƏR