Meksika Senatı Xocalı hadisəsini soyqırım kimi tanıdı
Bütün Xəbərlər
18:53 20.12.2011
2109
Meksika Senatı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma maddələrindən ibarət qərar qəbul edilib.Azərbaycan XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, qərarda bildirilir ki, 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunda Xocalının mülki əhalisinə qarşı hücuma keçib və beynəlxalq insan hüquqları üzrə təşkilatların tərəddüd etmədən soyqırım kimi adlandırdığı hadisə zamanı əsasən etnik mənsubiyyətinə görə yüzlərlə insanın ölümünə səbəb olublar.Qərarda, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən bəhs olunaraq, Madrid prinsiplərinin mahiyyəti açıqlanaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmalarının vacibliyi qeyd edilib.Qərarda Deputatlar Palatası Azərbaycan və Ermənistan xalqlarının suverenliyinə tam hörmətlə yanaşaraq, mümkün hesab edilən formatda ən qısa və sürətləndirilmiş tərzdə Dağlıq Qarabağ regionunda münaqişəyə davamlı şəkildə son qoyacaq razılığın əldə edilməsi üçün Azərbaycan və Ermənistan hökumətlərini səy göstərməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərini münaqişənin sülh yolu ilə davamlı həllinin təmin edilməsi məqsədilə hər iki hökumətə bütün tələb olunan dəstəyin göstərilməsinə davam etməyə çağırır.