Məktəb direktorlarının nəzərinə - Əgər bunları etməsəniz…

Məktəb direktorlarının nəzərinə - Əgər bunları etməsəniz…
SOSİAL
13:31 18.02.2026
638
Son dövrlər ölkənin təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində aparılan dəyişikliklər çərçivəsində məktəblərə yeni direktor təyinatları həyata keçirilir. Bu prosesin davamı olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 42 ümumi təhsil müəssisəsinə yeni direktorlar təyin olunub. Yeni təyinatlar fonunda təhsil ictimaiyyətində məktəblərin idarə olunmasında keyfiyyətin artırılması, tədris mühitinin yaxşılaşdırılması əsas məsələdir. 

Bəs görəsən yeni direktorlardan gözləntilər nələrdir? 

Milli Məclisin deputatı, Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamaslnda deyib ki, məktəblərdə əsas vəzifə direktorların üzərinə düşür:

"Bu gün dünyada gedən proseslər, uşaqların sosial mediadan kütləvi istifadəsi və digər amillər uşaqların və gənclərin tərbiyəsinə ciddi şəkildə təsir edir. Belə olan halda həm məktəblər, həm də ailələr böyük məsuliyyət daşıyır. Bu məsələdə məktəbdə əsas vəzifə və məsuliyyət müəllimlərin, xüsusilə də məktəb direktorlarının üzərinə düşür. 


Məktəb direktoru olmaq çox böyük məsuliyyətdir. Bəzən bir direktor 3000-5000 nəfərlik kollektivə rəhbərlik edir”.

Deputat deyib ki, direktorları işə götürən zaman şəxsi keyfiyyətləri nəzərə alınmalıdır:

"Direktorlar təyin olunarkən yalnız onların savadı və biliyi deyil, həm də şəxsi keyfiyyətləri, insanlıq xüsusiyyətləri, davranışları və keçmiş fəaliyyətləri mütləq şəkildə nəzərə alınmalıdır.

Əgər biz bu amilləri nəzərə almasaq, gələcəkdə ciddi problemlərlə qarşılaşa bilərik. Bu baxımdan müəllimlərin üzərinə böyük məsuliyyət düşür və onların rəhbərləri olan direktorların idarəetmə bacarıqları xüsusi əhəmiyyət daşıyır”.

Parlamentari qeyd edib ki, məktəb rəhbərləri insanlarla düzgün münasibət qurmalıdır:

"Onların təşkilatçılıq bacarığı, insanlarla düzgün münasibət qurmaq və etik davranış nümayiş etdirmək qabiliyyəti əsas şərtlərdəndir. Müəllimləri təbrik edirik, onlara tövsiyə edirik ki, üzərlərinə düşən vəzifənin böyük bir etimad və məsuliyyət olduğunu unutmasınlar. Çalışmalıdırlar ki, bu etimadı doğrultsunlar, bütün davranışlarında məsuliyyətli olsunlar və övladlarımızın düzgün tərbiyəsi üçün öz töhfələrini versinlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR