“Azərbaycanda 23 ildir təhsil islahatları aparılır, amma ortada bir nəticə yoxdur”.
“APA-Economics”in məlumatına görə, Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.
O bildirib ki, Azərbaycan təhsil sistemində müxtəlif üsullar tətbiq olunsa da, təhsil alanların faizi, ali məktəblərə qəbul olunmaq üçün ballar ilbəil azalır.
Millət vəkili bildirib ki, Azərbaycanda müəllimlərin sayı ABŞ-dan üç dəfə artıqdır: "Məhz bu sahədə islahata ehtiyac var. Müəllimlərlə bağlı attestasiya aparılmalı, bundan sonra əmək haqqını artırılmalıdır".
S. Novruzov orta məktəblərdə hərbi dərslərin də bərpasının vacib olduğunu söyləyib: “Məktəblərdə hərbi dərslər bərpa olunmalı, fiziki hazırlıq dərslərinə ciddi yanaşılmalı, bununla bağlı imtahan olmalıdır".
Millət vəkili dərsliklərin həddindən artıq ağır olduğunu və bunun uşaqlara problem yaratdığını da qeyd edib: “Kitablar çox qalın olur, üz qabıqları ağır materialdan hazırlanır. Dərs sisteminə də baxmaq lazımdır. Dərs günün artırmaq, günün azaltmaq və s. Normal dərs verib, normal insan yetişdirmək lazımdır”.