“Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar aparırıq. Artıq məsul işçilərimizin elektron imzası olması barədə qərar vermişik və bizə müraciət edənlərə arayışlarını elektron imza ilə alacaq. Bu proses demək olar ki, yekunlaşıb”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında deyib.
M.Abbaszadənin sözlərinə görə, 2012-ci il qəbul imtahanlarında abituriyentlərin elektron imzadan istifadə edib-etməməsi Nazirlər Kabinetinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qərarından asılıdır: “Hazırda abituriyentlər öz məlumatlarını imzaları ilə təsdiqləyirlər. Elektron imzanın 1 illik istifadəsi üçün rüsum 30 manatdır. Biz bununla da əlaqədar Rabitə və İnformasiya Nazirliyinə müraciət edəcəyik ki, hansısa layihə həyata keçirilsin ki, abituriyentlər 1 illik yox, 3-4 aylıq elektron imza verilsin və o qiymət uyğun olsun”. TQDK sədri buraxılış imtahanları ilə bağlı da danışıb: “Azərbaycanda buraxılış imtahanları ilə qəbul imtahanları ayrı-ayrı keçirilir. Deyirlər ki, uşaqlar yorulur. Ancaq təhsil əmək tələb edir. Mən də bunun tərəfdarıyam. Bu iki imtahanı birləşdirmək o zaman mümkün olardı ki, buraxılış imtahanlarında şagird minimal səviyyəsini göstərməsin. Biz çox istəyərdik ki, buraxılış imtahanları elmi əsaslarla aparılsın və biz bu nəticəni qəbul edə bilək. Müəyyən ixtisaslar var ki, onlar abituriyentlərdən yüksək bilik tələb edir. Bilirəm ki, uşaqlar üçün fiziki cəhətdən çətindir. Proqram çox mürəkkəbdir. Amma biz də buraxılış imtahanlarının nəticələrini araşdırırıq. Amma əldə olunan materiallara əsasən çox təəssüf ki, biz bu imtahanları qəbul edə bilmərik. Çünki bu imtahanlarda minimal səviyyə tələb olunur". M. Abbaszadə sınaq imtahanlarının gələn ilin fevral ayında keçirilə biləcəyini deyib. Komissiya sədri sınaq imtahanlarının gecikməsini elektron imza ilə bağlı olduğunu bildirib. M. Abbaszadənin sözlərinə görə, 2012-ci il qəbul imtahanlarında 100 min abituriyent iştirak edəcək: “Azərbaycanda ehtiyac duyulan ixtisasların siyahısı YUNESKO-nun rəyi və Nazirlər Kabinetinin qərarı ilə komissiyaya təqdim olunur”. TQDK sədri son günlərin ən dartışılan və təhsil naziri Misir Mərdanovun narazılığına səbəb olan dərsliklərdəki səhvlərlə bağlı məsələyə yenidə qayıdıb: “Hesab edirəm ki, orta məktəb dərsliklərində olan səhvlər ictimai müzakirələrə çıxarılmalıdır”. O, bu çap materiallarında olan səhvlərə görə, kimlərinsə taleyinə zərbə vurmağa razı olmadığını qeyd edib: “Bu dərs vəsaitləri ilə abituriyentlər hazırlaşıb imtahan verirlər. Mən razı olmaram ki, kimlərsə bu səhvlərə görə qurban getsinlər. Ona görə hesab edirəm ki, orta məktəb dərsliklərindəki səhvlər mütləq ictimai müzakirələrə çıxarılmalıdır”. “Çap materiallarında olan səhvlər mütəxəssislər tərəfindən araşdırılır və mən də onların nəticələrinə əsasən bu məlumatları verirəm. Özüm riyaziyyat üzrə mütəxəssisəm və nəyin nə olduğunu yaxşı bilirəm. Hər bir ailədə bu dərsliklərdən istifadə olunur və ona görə bu ictimaiyyət bundan xəbərdar olmalıdır”.