Məleykə Abbaszadənin yeni hədəfi: Mikayıl Cabbarov – TƏHLİL

SİYASƏT
15:58 13.02.2015
8810

Azərbaycan təhsilində olan problemləri illərlə daima ən kəskin şəkildə açıqlayan Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə son 2 gündə söylədiyi tənqid dolu fikirləri ilə bu dəfə də ölkə ictimaiyyətinin diqqətini tədris prosesindəki nöqsanlara yönəltdi. Bu məsələlərlə bağlı uzun sürən sükunətini saxlayan Məleykə xanım verdiyi son açıqlamaları ilə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil ocaqlarında vəziyyətin son zamanlar heç də müsbətə doğru dəyişmədiyini dedi əslində.

Yeni təhsil nazirinin təyin olunmasından sonra Məleykə Abbaszadənin bir müddət susması mətbuat səhifələrində bəzi hallarda TQDK sədrinin təhsil problemlərindən narahat olduğundan deyil, məhz Misir Mərdanovun ünvanına tənqid söyləyən qurum rəhbəri obrazında təqdim olunması ilə müşahidə olunurdu. Amma Məleykə xanımın keçirdiyi son mətbuat konfransında Azərbaycanda fəaliyyət göstərən tədris ocaqlarında mövcud olan problemlər, təhsilin çox aşağı olması ilə bağlı açıqladığı fikirlər TQDK sədrinin heç də Misir Mərdanovla “vuruşmadığını”, əksinə, ölkədə təhsil ocaqlarının səviyyəsinin acınanacaqlı olduğundan dolayı mövqe nümayiş etdirdiyini deməyə əsas verir.

İndi Məleykə Abbaszadənin son açıqlamalarına diqqət yetirək.

“Hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyildir”.

Bu məlumat TQDK-nın açıqladığı rəsmi göstəricidir. Qeyd olunur ki, on ilə yaxın vaxt keçməsinə baxmayaraq vəziyyət müsbətə doğru dəyişmir:

“Bu sahədəirəliləyiş çox kiçikdir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyildir. 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər.

TQDK-nın rəsmi mövqeyindən çıxan məntiqi nəticə onu göstərir ki, Azərbaycanın özəl ali təhsil müəssisələrində tədrisin səviyyəsi nəinki çox aşağıdır, hətta bərbaddır. Deyilənlərin davamı olaraq məlumatda abituriyentlərin özəl ali təhsil müəssisələrinin seçim səviyyəsinin də çox aşağı olduğu bildirilir. Yəni, abituriyentlər dövlət ali təhsil müəssisələrinə daxil olmaq şansları tükəndikdə, imkan limiti olmadıqda özəl ali təhsil müəssisələri arasından seçim edilir. Biz bu fikrə o məqamı da əlavə etmək istəyirik ki, hər il dünyada universitetlərin reytinq cədvəli açıqlandıqda Azərbaycan universitetlərinin bu siyahıda ön sıralarda olmaq, liderlik etmək şanslarının olmadığını bir daha təkrar-təkrar müşahidə edirik.

Komissiyanın məlumatında qeyd etdiyimi məqamların təsdiqini vurğulayan fikirləri təqdim edirik: “Özəl ali təhsil müəssisələri, əsasən, humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir: “Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur. Abituriyentlər ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. 2014-cü ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 4.71 faiz olub. 2000-ci illərin birinci yarısında bu göstərici 0.67 faiz olub. On ilə yaxın vaxt keçməsinə baxmayaraq, vəziyyət dəyişmir”.

M.Abbaszadə fevralın 11-də “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib ki, çox acınacaqlı haldır ki, Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub.

TQDK sədri bildirib ki, 11-ci sinif şagirdləri arasında 2, 9-cu sinif şagirdləri arasında isə 64 belə şagird var. Onun sözlərinə görə, bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb: “Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox, vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır. 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfərdir. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfər”.

Tənqidi fikirləri ilə yanaşı, TQDK sədri eyni zamanda, müsbət halların da olduğunu qeyd edib: “9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri türk liseyləri, Təhsil Naztabeli və özəl liseylərin şagirdləri əldə ediblər. Onların 9-cu sinif şagirdlərinin ana dili fənni üzə doğru cavablarının faizi müvafiq olaraq 71.0-a və 65.4-ə, riyaziyyat fənni üzrə müvafiq olaraq 77.7-yə və 67.0-a bərabər olub. 11-ci sinif şagirdlərinin isə ana dili fənni üzrə nəticələri müvafiq olaraq 82.9 və 77.1, riyaziyyat fənni üzrə 84.6 və 75.1 faiz təşkil edib. Regionlar üzrə 9-cu sinif şagirdləri arasında ana dili və riyaziyyat fənlərindən ən yaxşı nəticələri Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərlərinin şagirdləri əldə ediblər. Ana dili fənni üzrə ən aşağı nəticələri Cəlilabad, Ağsu, Ağcabədi və Sabirabad rayonlarının, riyaziyyat fənni üzrə isə Cəlilabad, Gədəbəy, Ağsu, Daşkəsən, Ağcabədi və Sabirabad rayonlarının şagirdləri göstəriblər. 11-ci sinif şagirdləri arasında ana dili və riyaziyyat fənləri üzrə ən yaxşı göstəricilər Mingəçevir şəhəri, Şahbuz rayonu, Naxçıvan və Sumqayıt şəhərləri, Qax rayonunun şagirdlərinə məxsusdur. Ana dili fənni üzrə ən aşağı göstərici isə Daşkəsən və Sabirabad rayonlarının, riyaziyyat fənni üzrə isə Daşkəsən, Hacıqabul, Ağcabədi və Sabirabad rayonlarının şagirdlərinə aiddir”.

“20 rayonun abituriyentlərinin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub. Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64.7%-i qəbul imtahanlarında 200-dən az bal toplayıb”.

Hesab edirik ki, bu fakt ciddi rəqəmdir və özünə diqqət tələb edir.

TQDK sədri vurğulayıb ki, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “5” qiymət alanların faizi artıb, “4” qiymət alanların faizi isə dəyişməyib.

Azərbaycanın ora məktəblərində tədrisin vəziyyətinin, səviyyəsinin ürəkaçan olmadığını dilə gətirən M.Abbaszadə durumun acınacaqlı olduğuna diqqət çəkməyə çalışır. Xanım sədr deyir ki, bilik səviyyəsi çox aşağı olan şagirdlərin qiymətləri bilərəkdən şişirdilir: “Attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə etdikdə, məlum olur ki, tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.17%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif 0-200 bal intervalında olub”.

Fikrini davam etdirən Komissiya sədri bildirir ki, tam orta təhsilini “5” qiymətlə başa vuran məzunların yalnız 42.46 faizi attestat qiymətlərini doğrulda bilib: “Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər”.

TQDK sədri mövqeyində bu situasiyanı təsdiq edərək bildirib ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik. Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının müxtəlif məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir”.

Çox dəyərli bir atalar sözü var – “Görünən dağa bələdçi lazım deyil”.

Yəni, M.Abbaszadə ölkənin təhsil sisteminin tənqid mahiyyətli çıxışında ümumi sözlərlə kifayətlənməyib, konkret vəziyyəti göstərən rəqəmlərlə açıqlamalar verir.

“Azərbaycanda orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 25-49 faizini mənimsəyir”.

Bu rəqəm onu göstərir ki, orta məktəbi bitirən şagirdlər ümumi proqramın yarısını da mənimsəmir. Bu abituriyentlər ali təhsil müəssisələrinə daxil olsalar da belə, bu bilik səviyyəsi ilə hansı səviyyədə gələcəkdə kadr olacaqları şübhə alıtna düşür. Ölkənin tədris müəssisələrində mövcud olan acınacaqlı vəziyyətin bu tendensiya ilə davam etməsindən ciddi narahatlıqla həyəcan təbili çalan M.Abbaszadə son açıqlamaları ilə ölkə təhsilindəki problemlərə bir daha ictimai diqqət çəkir.

Qeyd etməyi vacib hesab edirik ki, təhsillə bağlı verilən son açıqlamalar onu göstərir ki, yeni təhsil nazirinin təyinatından sonra bir müddət TQDK sədrinin susması heç də tədris müəssisələrində illərlə mövcud olan problemlərin həll olunması anlamına gəlmirdi. Əksinə, M.Abbaszadə bu problemlərin mövcud olduğunu bir daha təkrar-təkrar gündəmə gətirməklə təhsil sistemində köklü islahatların aparılmasının vacibliyini bir daha aktuallığını qoruyub saxladığını göstərdi. Yeni nazirin təyinatından sonra təhsil sistemində ciddi dəyişikliklərin olmasını hamı kimi biz də cani-dildən, ürəkdən istəyirik. Ən azından korrupsiyasız, rüşvətsiz tədris prosesinin təminatını görmək və bundan faydalanmaq yararlanmaq üçün.

Təhsil millətin gələcəyidir. Övladlarımızın gələcəyinin təməlidir. Bu məsələ heç bir zaman fərdi olmayıb və olmayacaq da. Sistemə məsul olan kadrların kim olmasının mahiyyəti deyil, işə münasibətin, yanaşmanın keyfiyyəti daima önəmlidir, vacibdir. İşin keyfiyyət parametrlərində dəmir standartlarla oturuşmuş qaydalar yaratmaq lazımdır ki, təhsilimizi fəxrlə, qürurla, utanmadan dilə gətirək hər zaman. Bunu millətimiz, dövlətimiz, cəmiyyətimiz, özümüz və övladlarımızın gələcəyi üçün istəyək və edək.

Mətanət ƏliyevaAZXEBER.COM 

OXŞAR XƏBƏRLƏR