Dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasının qəhrəmanı Məşədi İbadın Rüstəm bəy haqqında bu sitatını başlığa çıxarmağımız təsadüfi deyil.
Milli Şuranın baş tutmayan vahid namizədi, müxalifətin son ümidi, ahıl yaşında “inqilabçı” olmaq eşqinə düşən Rüstəm İbrahimbəyovun son müsahibəsi onsuz da böhran içində olan müxalifətimizə növbəti tərs sillə oldu.Özünə demokrat deyən qüvvələr 2 gün öncəyə qədər Rüstəm bəyi canla-başla müdafiə edirdi, ona söz deyən insanı təhqir atəşinə tuturdu, “satqın”, “xain” adlandırırdı.Ancaq dediyim kimi, bu proses 2 gün öncəyə qədər – Rüstəm bəyin müsahibəsinə qədər davam etdi və həmin açıqlamalardan sonra bu adamların İbrahimbəyova yağdırmadığı təhqir qalmadı.Səbəb isə çox sadədir: Rüstəm İbrahimbəyov deyib ki, o artıq siyasətlə məşğul olmur. Vurğulayıb ki, vahid namizəd də olmaq istəmirmiş, onu məcburən namizəd ediblər və o heç vaxt müxalifətə yaxın olmayıb.Əslində, Rüstəm İbrahimbəyovun son açıqlaması Azərbaycan müxalifətinin nə qədər çarəsiz, nə qədər rəzil durumda olduğunu göstərdi. Hətta bizim müxalifət o qədər bərbad durumdadır ki, dünənə kimi xalqın ümidi, xalq qəhrəmanı adlandırdığı insanı bu gün vətən xaini, satqın, riyakar adlandırmaqdan çəkinmir.Məhz buna görə də heç kim müxalifətə inanmır, heç kim onlardan yenilik gözləmir. Hətta Azərbaycan müxalifəti o qədər tükənib ki, Rüstəm İbrahimbəyovu kompensasiya edəcək, romantik müxalifətçiləri ruhlandıracaq bir şəxsləri də yoxdur.Facebook səhifəsində Rüstəm İbrahimbəyov haqda ağızdolusu danışıb, onun haqda yazdığı statusu pullu reklama çıxaran Əli Kərimli ağzına su alıb oturub.Müsavat başqanı İsa Qəmbər isə “Bilik günü” ilə bağlı statuslar paylaşır və bu arada qeyd edim ki, Azərbaycanda seçkilərə cəmi 23 gün qalır...Əlqərəz, Rüstəm İbrahimbəyov siyasətdən getdi. O, bundan sonra sevimli işiylə - kino çəkməklə məşğul olacaq. O, ahıl yaşında da olsa səhv etdiyini, yanlış yolda olduğunu anladı.Anladı ki, xalq bu müxalifətə nəinki 1 manat, heç 10 qəpik də verməz, anladı ki, özlərinə lider deyən şəxslərə hakimiyyət yox, pul lazımdır. Nə qədər ki, o pul gəlirdi, onlar Rüstəm İbrahimbəyovu göylərə qaldırırdı və o dayanan kimi Rüstəm bəy də istifadəyə yararsız oldu.Rüstəm İbrahimbəyov artıq tarix oldu, artıq sosial şəbəkələrdə, müxalif saytlarda heç kim ondan danışmır, heç kim onu göylərə qaldırmır. İndi Azərbaycan müxalifətinin “lider”i tarixçi Cəmil Həsənlidir. O Cəmil Həsənli ki, çox yox, cəmi 3 il öncəyə qədər Azərbaycan parlamentində ağzına su alıb otururdu.Bu gün müxalifətin satqın adlandırdığı Lalə Şövkət 2005-ci ildə “Azadlıq” blokunun parlamenti boykot qərarına dəstək verib, Milli Məclisə getmədi, ancaq Cəmil müəllim hər şeyə tüpürüb orada yer aldı.Bu gün manşetindən düşmədiyi “Azadlıq” qəzetində Cəmil Həsənli haqda olmazın təhqirlər yazılırdı. Hətta təhqirlər o səviyyədə idi ki, onu yazmağa belə adamın dili gəlmir. Əslində, Rüstəm İbrahimbəyovla Cəmil Həsənlinin oxşar cəhətləri çoxdur.Rüstəm İbrahimbəyov Bakıdakı qanunsuz tikililəri əlindən alındı deyə müxalifətçi oldu, Cəmil Həsənli isə 2 qat millət vəkili ola bilmədi deyə...Siyasətdə emosiya ilə hərəkət edən hər kəs sonda fiaskoya uğrayır. Rüstəm İbrahimbəyov da gecə də olsa bu reallığı dərk etdi və siyasətdən getdi. Sıra Cəmil Həsənlidədir.Ancaq maraqlıdır ki, tarixçi rejissordan fərqli olaraq ümumiyyətlə danışmır, mediadan qaçır. Bəlkə də Cəmil Həsənli dərk edir ki, o, Azərbaycana siyasətçi kimi yox, tarixçi kimi lazımdır. Tarixçinin isə işi yazmaqdır. Danışmaq onluq deyil...