‘Mən gənc səfirəm’

GƏNCLİK
11:30 06.04.2012
1907

25-dən artıq ölkədən 200-dən artıq gənc Macarıstanın paytaxtı Budapest şəhərində bir araya gəlib.

Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, onların burada toplaşmasının əsas səbəbi “Mən gənc səfirəm” ASAİF forumunun 6 aprel tarixindən start götürməsidir. İki gün davam edəcək foruma Almaniya, Çin, Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı, Çexiya, Türkiyə, Avstraliya, Belçika, Böyük Britaniya, İtaliya, Fransa və digər olkələrdən tələbələr qatılıb. Forum çərçivəsində Azərbaycan Respublikasının xarici ölkələrdəki fövqəladə və səlahiyyətli səfirləri ilə forum iştirakçılarının görüşü, eyni zamanda Azərbaycan gənclər təşkilatlarının rəhbərləri ilə Macarıstan gənclər təşkilatları rəhbərlərinin görüşü və müxtəlif layihələrin birgə müzakirələr nəzərdə tutulub.

Forumun mühüm əhəmiyyət kəsb edən bölümü Macarıstan Parlamentində gerçəkləşəcək. Burada gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət qulluğu komissiyasının sədri Bəhram Xəlilov, Milli Məclisin komitə sədri Səməd Seyidov, Milli Məclisin üzvləri Ceyhun Osmanlı, Fuad Muradov, Azərbaycanın xarici ölkələrdəki səfirləri Vilayət Quliyev, Həsən Həsənov, Fəxrəddin Qurbanov, Pərviz Şahbazov, Həsən Məmmədzadə və Qalib İsrafilov gənclərlə görüşlər keçirib, fikir mübadiləsi aparacaqlar.

Forumun növbəti günü “Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər”, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu”, “Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları”, “Sosial şəbəkələr və KİV-in gənclərin ictiami –siyasi fəallıqlarının artırılmasındakı rolu” mövzularında panel müzakirələr aparılacaq.

Tədbir Azərbaycan mədəniyyət geçəsi ilə sona yetəcək.

Tələbələrin forumdan nə gözlədiyinə gəldikdə isə:

Cəmilə Bayramlı

(Çexiya- Metrapolitan University Praque)

“Mən bu foruma ilk dəfədir qatılıram. Bundan öncə forum haqda çox eşitmişdim. Azərbaycanlı gənclərin bir araya gəlməsi və ölkə üçün əhəmiyyət kəsb edən ideyaların müzakirəsi hər zaman diqqətimi cəlb edib. Metrapolitan Praqa Universitetinin “Beynəlxalq münasibətlər və Avropa təhsili” fakultəsinin tələbəsi kimi “Mən gənc səfirəm” adlanan forum əminəm ki, mənə səfirlər, rəsmilərlə görüşlərdən sonra yeni biliklər qazandırmaqla bərabər, eyni zamanda əlqələrimin inkişafına da kömək olacaq.”

Kənan Salayev

London Business school

“Foruma artıq ikinci dəfədir ki, qatılıram. İlk dəfə Bakıda keçirilən forumda iştitak etmişəm. “Mən gənc səfirəm” devizi altında keçirilən forumdan ən böyük gözləntim gələcək nəsillərə bizim böyük ölkəmizi düzgün təmsil etmək istiqamətində faydalı və professional diplomat kimi yetişməyim üçün yeni bilgiləri, ideyaları əldə edib, xarici arenada onların hər birini uğurla tədbiq etməyimdir .Bununla yanaşı, lobbiçilik fəaliyyətində vahid platforma ideyası ilə çıxış edəcəm. Çünki, zənnimcə bu şəkildə biz daha proqressiv şəkildə addımlaya bilərik. ”

Rəhimov Toğrul

Paris school of business

“İlk dəfədir ki, bu tədbirə qatılıram. Azərbaycan Frandasada mədəni sahədə çox gözəl tanınır. Əfsuslar olsun ki, Fransda yaşayan azərbaycan vətəndaşlarımız arasında birlik zəifdir. Bu da lobbiçiliyin aktiv şəkildə aparılmasına manelər yaradır. Düşünürəm ki, gənc tələbə olaraq, bu forumda sözün əsl mənasında lobbicilik, diplomatiya sahəsində yeniliklər əldə edib, Azərbaycanın tanıtımı istiqamətində böyük işlər görəcəm.”

Vüsal Qurbanov

Çin – Tsin xua universitetinin tələbəsi

Avropa ilə ilə müqayisədə , son 10 il ərzində Azərbaycanı Çində daha çox tanımağa başlayıblar. Bu gün Çində ümumilikdə 60-a yaxın tələbə təhsil alır. Onlardan 35-i Pekində oxuyan gənclərdir. Azərbaycanın tanıtımında tələbələrin xüsusi rolu var. İldə bir dəfə bir ay ərzində bütün universitetlərdə beynəlxalq mədəniyyət günləri keçirilir. Ötən il biz bir ay ərzində 5 universitetdə Azərbaycan günləri keçirdik. Azərbaycan mətbəxi, mədəniyyəti, musiqisi geniş şəkildə nümayiş olundu. Forumdan tələbələr arasında şəbəkələşmə, diaspora fəaliyyətində diplomatların təcrübəsindən faydalanmanı gözləyirik.”

OXŞAR XƏBƏRLƏR