Tanınmış müğənni Natavan Həbibi AZXEBER.COM-un "İşdən sonra" rubrikasının qonağı olub. Həmin müsahibəni təqdim edirik:- Natavan, illərdi ki, sənətdəsiz və gündəmdə qalmağa bacarırsız, hər dəfə də yeniliklərlə sevənlərinizin qarşısına çıxırsız. Bunu necə bacarırsız?
- Bütün müğənnilərimiz deyir ki, əziyyətlə, çətinliklərlə. Bu doğurdan da şablon söz deyil. İndi efirə çıxmaq, məşhurlaşmaq çox asandır. Ancaq sevilmək çətindir. Bizim vaxtımızda, çox çətinliklər var idi. Mən bunları aşmışam. Həmin zamanlarda da bu indiki kimi o qədər də rahat deyildi. Şükürlər olsun əziyyətlərimin bəhrəsini görürəm.
- Sizin üçün sənətinizdə ən pik nöqtə nədir?
- Bir az əvvəl qeyd etdiyim kimi, illərdir əziyyət çəkərək, çətinliklər görərək bu sənətdəyəm. Düşünürəm ki, Azərbaycanda kifayət qədər sevənim var. Məncə ölkəmizdə lazımı qədər, edə biləcəyim qədər hər şey etmişəm. Pik nöqtə isə mənə görə Hollivud ulduzu olmaqdır. Mən pik nöqtə yalnız buna deyərəm.
- Sosial şəbəkələrdə demək olar ki, yoxsunuz. Sadəcə “instagram”da aktivlik hiss olunur. Bu nə ilə əlaqədardır?
Doğrudur. “Facebook”da şəxsi hesabım yoxdur. Əvəzində pərəstişkarlarım üçün səhifəm var. Bunu da yaxın dostlarım, köməkçilərim idarə edirlər. Boş vaxtım olduqca, bir günümü məhz ayırıb, bu səhifədə mənə sual ünvanlayan, mesaj yazan hər kəsə cavab yazmağa çalışıram. Çünki, onlar əgər məni sevirlərsə, mən onlara biganə qala bilmərəm. Ancaq “instagram”da özüməm. Özüm idarə edirəm. Hər dəfə gözəl bir şəkil çəkdirdikdə, sevənlərimlə özüm bölüşürəm (gülür).
- Kənardan çox səbrli biri kimi təəssürat bağışlayırsınız. Daxilən də belə birisiniz, yoxsa bu cür görünməyə məcbursunuz?
- İnanın bu cür göründüyümə sevindim. Hərdən deyirlər ki, Natavan aqressivdi, əsəbidi, ama əsla bele deyil əgər bir səbəb yoxdursa. Əslində çox sakit və mehriban insanam, təbii ki, mənə toxunmasalar. Dəymə mənə, dəyməyim sənə.
- Aygün Kazımova və Toliklə baş verənlər. Necə oldu ki, məsələ bu yerə gəlib çıxdı?
- 2007-ci ildə xəbərim olmadan məni ATV-yə dəvət etdilər. Gedəndə gördüm ki, yarışmadır. Aygün Kazımova ilə yarışdıq. “Youtube”da izləyə bilərsiniz, mən heç bir kəsdən dəstək, sms istəmədim. Ancaq Aygün xanımın ürəyi çox dolu idi. Hər kəsdən dəstək istəyirdi. Düşünün. Mən sənətdə yeni olan bir müğənni, Aygün Kazımova isə illərdir sənətdə olan şəxs. Bu gülünc bir şeydir. Mən bu yarışmada ona qalib gəldim. İnanın Allaha proqram sonrası Aygün orda bir səs küy saldı ki, mən şəxsən özümə yaraşdırmazdım. Mən məğlub olsaydım, bir böyük kimi uduzardım. Gənclərə şərait yaradaq deyərdim. O, yarışma sonrası da məni erməni adlandırmışdı. O vaxtdan var idi bu söz-söhbət. Ancaq düşünməzdim ki, 8 il sonra yenidən bu addım atılar. Başa düşmədiyim bilirsinizmi nədir? Bir gün deyirlər ki, mənim anam ermənidir, o biri gün deyirlər atam. Əgər belə əlinizdə sübut varsa, dəqiqləşdirin də (gülür). Sübut edən mənim kimi olar. Çox sağ olsun mətbuat nümayəndələri, mənə bu işdə çox böyük köməklik göstərdilər. Bəzi sənədləri məndən öncə tapıb, insanlara təqdim etdilər ki, mən əsl azərbaycanlıyam. Bu bir qruplaşmanın işidir. Aygün Kazımovanın başına toplaşmış bir qrup. Elə Tolik də. Onların içərisində həmkarlarım, produsserlər, jurnalistlər və başqaları, çox adam var. Bu cür də bir deyim var ki, əgər düşmən orduya qalib gəlmək istəyirsənsə, başçını məğlub etsən, qalibsən. Məhz bunun üçün də, mən Aygün Kazımova və Toliki qanunlarımız qarşısında cavab verdirdim. Məhkəmədə də qalib gəldim. İndi onlar üzr istəyəcəklər ya yox, bunu deyə bilmərəm. Bu işlə hüquqşünaslar məşğuldur. Mənim üçün əsas bu yalanı aşkara çıxarıb, xalqın gözündə kim kimdir göstərmək idi.
- Siz Toliklə birlikdə də çalışmısınız. Dostluq münasibətləriniz olub. O nə üçün bu cür addım atsın?
- Bunu anlamaq üçün bir cümlə kifayətdir məncə. Hamısı Aygün Kazımovanın qruplaşma yaratmasından irəli gəlir. O da bu qrupun bir üzvüdür və mənə qarşı çıxaraq şər atdı. Onlari ən çox narahat edən məsələlərdən biri də, Azərbaycanda ən yaxşı konserti mənim verməyimdir. Bu sözümün arxasında dururam. Çünki, mənim konsertim kimi heç kəs konsert verməyib. Bu gün belə həmin konsertdən danışırlar. Onlara da paxıllıq etmək qalır yalnız. Bir ildə 7 konsert verdim. Ən əsas səhnələrdə. “Eurovision” yarışması baş tutan Kristal zalına qədər. Bu mənim üçün əsas göstəricilərdir. İnsanların mənə olan sevgisi və sənətimi dəyərləndirməkləri, mənim üçün vacib amillərdir.
- Son zamanlar xalq artistlərimiz adlarına yaraşmayan addımlar atırlar. Buna münasibətiniz necədir?
- Məlumatım var. Brilliant Dadaşovanın yayılan video görüntüsü barədə onu deyə bilərəm ki, rəqs etməsi normaldır. Ancaq bəzi jurnalistlər içkili olaraq rəqs etdiyi barədə məlumat yazıb. Bax bu yalandır. Buna inanmıram. Çünki Brilliant xanımla yaxın münasibətimiz var. O spirtli içki qəbul etmir. Siqaret çəkmir. Yanında kimsə siqaret çəksə, o həmin məkanı tərk edir. Gözlərimlə şahid olmuşam. Şər atmaq nəyə gərək? Qaldı ki, digər məsələyə, yarı-çılpaq fotolar yaymağa. Aygünün bu addımı heç təəccüblü deyil mənim üçün.
- Gəlir yeriniz tək müğənnilikdir, yoxsa başqa biznesiniz var?
- Tək gəlirim müğənnilikdən deyil. Başqa biznesim var. Nə olduğunu açıqlamayacam. Amma səmimi deyim ki, bu işdən başım çıxmır düzü (gülür). Mənim adımadır, ancaq bu işdən anlayanlar çalışırlar. Gəlir isə mənim olur.
- Bir çox şou-biznes nümayəndələri reklam üçün ailə həyatı qurur. Buna münasibətiniz necədir?
- Razıyam elələri çoxdur. Ailəni gündəmə gətirmək, reklam etmək yersizdir. Buna ehtiyac yoxdur. Ancaq bildirmək lazımdır ki, gözəl ailəyə sahib olanlar da az deyil. Sənət yoldaşlarımdan çox mehriban ailəsi olan var. Bunu görürəm.
- Bəs Natavan Həbibi nə üçün ailə həyatı qurmur?
- Mən ailə həyatı qursam, bu sənətdən gedəcəm. Buna səbəb də, mən ailə həyatı istəyirəm. Ər saxlamaq yox. Mən həyat yoldaşımın çörəyini yemək istəyirəm. Nə desə o da olmalıdır. “Ağa sür dərəyə, sürəcəm dərəyə”. Yoxsa mən ona deyəcəm ki, sən evdə otur mənim çəkilişim var? Bu normal deyil axı. Hansısa oğlan bacısının pulu ilə aldığı maşına, xanımın pulu ilə aldığı maşına oturaraq rahat gəzə bilirsə, mən o insana kişi adını yaraşdırmıram.
- Natavan xanımın “İşdən sonra” fəaliyyəti nədən ibarətdir?
- Kaş o dediyiniz bir qədər uzun olardı (gülür). İşdən o qədər də asudə vaxt tapa bilmirəm. Ancaq mənim üçün istirahət etmək dostlarımla hansısa restoranda oturmaq, şəhərdə gəzmək deyil. Mənim üçün istirahət odur ki, hər şeydən uzaq oluram. Bu istirahətim də yalnız evdə olur. Özümü rahat hiss edəcək paltar geyinərək, sakit dincələrəm.
- “İşdən sonra” uzun bir müddət boş vaxtınız olsa, nə ilə dəyərləndirərdiniz?
- Dərhal ölkəni tərk edərəm. Xarici ölkələrdən birinə üz tutaraq, dəyərləndirirəm. Bacardıqca özümü hər dəfə müayinə etdirirəm.
Ozal İbrahimliFoto Orxan Hüseynov













