'Mən namaz qılıram, amma oruc tuta bilmirəm, çünki yemək olmur' - İNTERNATDAN REPORTAJ
ŞOU-BİZNES
17:09 23.08.2012
1662
“Moskvaya gedib özümə oğlan axtaracam”Bilirəm, çoxunuza qəribə gəldi bu fikir. Düşünürsünüz ki, oğlan tapmaq üçün Moskvaya niyə getmək lazımdı? Eyni zamanda bu ifadə necə də iyrənc səslənir... “Oğlan tapmaq”.Bakı şəhərində yerləşən xüsusi internat məktəblərindən birində yaşayan bir qızın bu sözləri bizi çox təəccübləndirdi: “Mənim telefonum yoxdu, heç kimlə danışa bilmirəm burda. Ona görə də, Moskvaya gedib özümə oğlan tapacam”. Qarşılaşdığımız gərgin vəziyyətdə onu fikrindən döndərmək üçün başına gələ biləcək bütün pisliklərdən, bəlalardan tutmuş, insan alverinə qədər danışdıq ona. Sanki bunları ilk dəfə eşidirmiş kimi dinləyir, yenə də fikrindən dönmürdü.20 yaşında olmasına baxmayaraq kiçik görünürdü və gedəcək yeri olmadığından internatda yaşayır, oranın təmizlik işlərini görürdü. Psixoloji cəhətdən problemləri olduğu bəlli idi və bu vəziyyətdə onun üçün narahat olmağa dəyər. Bəlkə də bundan ehtiyat edərək söhbətin maraqlı yerində müəllimə otağa girərək internat haqqında hansı məxfi sualları verdiyimizi soruşdu. Bu anda qızın “Mən dedim ki, bizə yaxşı baxırlar” cavabı bizi daha da təəccübləndirdi. Mövzunun başqa olduğunu dedikdən sonra müəllimə davam etdi: ”O, normal düşünə bilmir, biz onu dəfələrlə bataqlıqdan çıxartmışıq”.Səməd Vurğun kimdir, O da gəlib???Tədbirdən əvvəl bir oğlan yaxınlaşıb əlimdəki kitab barədə sual verdi və oxumaq istədiyini dedi. Əslində əvvəlcə sevindim, 15 yaşı vardı bu oğlanın. İnternatın 2-ci mərtəbəsində xüsusi kitabxanaları olduğunu dedikdə daha da maraqlı gəldi. Dünya ədəbiyyatından əvvəl klassiklərdən və müasir yazıçılarımızın əsərlərindən başlamağı məsləhət gördüm. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Səməd Vurğunun əsərlərindən başla deyəcəkdim ki, sözümü yarıda saxlayıb: “S.Vurğun , o kimdi, o da gələcək” ?. Xeyli söhbətdən sonra uşaqların bu vəziyyətinə həqiqətən acıdım...Gecə məsciddən qayıtdıq, qapılar bağlı idi...“Mən namaz qılıram, amma oruc tuta bilmirəm, çünki yemək olmur. Gərək gecə 5-də yeməkxanadan yemək götürüm, o da mümkün deyil”. Neyləyim, namaz qılıram buna da şükür” deyərək davam etdi. Həmin an diqqətimi çölə çıxıb sərbəst gəzən uşaq çəkdi, icazəsiz çıxmağı təəccüblü gəldi. Bəlli oldu ki, uşaqlar nəzarətsiz qalıblar, hətta qapıda mühafizəçi də yox idi.O hətta bildirdi ki, bir gün gecə məsciddən gələrkən qapılar bağlı olub və onları içəri buraxmayıblar.Bu işə tibb bacıları baxmalıdır...İnternatdan gələn ifunət iyi, o natəmizlik içində yerə düşən meyvələr, onu yerdən götürüb yeyən uşaqlar və s.- bunlar gözlə görünən şeylər idi. Hələ uşaqların üst-başı, bədənlərindəki yaralar və s. Bu biyabırçılıq qarşısında müəllimə acıqlı halda özlərinə haqq qazandırmağa başladı. “Hazırda otpuskadı, bu işə tibb bacıları baxmalıdır, hanı yoxdular, biz iki müəlliməyik indi, növbə ilə işləyirik. Çatdıra bilmirik. Hamının evində uşağı bir saat küçədə oynayır, evə qayıdanda üstü toz-torpaq olur, bu mənim xoşuma gəlir guya? Atıb üstümüzə gediblər, mənim də iş saatım qurtarır, evə getməliyəm, borcum ki yoxdu”!Saa 18:00. Yeməkxanada uşaqlar üçün süfrə hazırlanıb. Biz öyrənirik ki, uşaqlar günorta 15:00 da yemək yeyiblər, axşam yeməkləri də yoxdu. Yəni, həmin axşam o yeməklər olmasaydı, ac yatacaqdılar.İfunət iyisi, natəmizlik, uşaqların düşüncə tərzi, sərbəst gəzmələri, gündə bir dəfə yemək məsələsi və s. Gördüklərimiz bunlar oldu. Günahı da yazıldı “Məzuniyyət” in üstünə. Bəs, görəsən, bu səbəbdirmi?, budurmu bizim gələcəyimiz hesab etdiyimiz uşaqların yaşayışı? Oradakı təzyiqdən, yoxsa düşüncə tərzindən qaynaqlanır 20 yaşlı qızın oğlan tapmaq üçün Moskvaya getmək çıxış yolunu seçməsi. Günahkar kimdir bilmirik nə də, səbəbkar... Tək bildiyim müəyyən qurumlar tərəfindən maliyyələşdiyi müəyyən olunmuş internatda vəziyyət budur.Sevinc Xan qızı