Sənan ƏLLƏZ
Nigaram
Bilirəm neçə gündü hamı məni soruşur. Hami mənimlə maraqlanır. Kimdi axı Nigar? Bu Nigar kimdi? Hansı Nigar? Gəlin tanış olaq mən Nigar. Bəzilərinin sosial şəbəkədə yazdığı kimi iyrənc bir fahişə. Bəzilərinin yazdığı kimi yaşamağa haqqım olmayan birisi. Bəzi xanımların yazdığı kimi mənim tərzdə olan insanlara haqq qazandırmaq olmaz. Bəli bilirik, çox yaxşı bilirik ki, olmaz. Çünki hər zaman arvadlarından sıxılan kimi, bizim yanımıza gələn kişilər sonra kənarda camaatın işdən evə gələn qızına bizə deyilən adlardan deyir. Darıxanda qucağımızda yatan kişilər bir şey olan kimi sən kimsən e küçədə qalmışın birisən deyirlər bizə. Və daima özlərini elə aparırlar ki, guya fahişələri düz yola dəvət edən kişi doludu biz sadəcə həzz almaq üçün bu işlə məşğuluq. Yalan söhbətdi inanmayın. Sadəcə olaraq bizdən yaxşı istifadə edirlər. Hamı, hamı, hamı, hamı... Varlısı da, kasıbı da. Hətta yazarlar da. Məni məcbur etdilər ki, öz həyatımı. Çünki hekayə yarımçıq qalıb və çılğın yazar deyəsən mən artıq yoxam deyib. Fikir verməyin mən çox kişilərlə yatmışam amma yazarlar doğurdan çılğın olurlar. Əvvəlki yazılarını oxudum. Hə yadıma gəlir mən 17 yaşlı birinə triqonometriya öyrətmişəm elə-belə öyrətdim də. Düşüb şəhərin canına məni axtarırmış. Əvvəl polisə düşüb, sonra da həmin günün axşamı dənizdə öldürüblər. Əslində o çılğının niyyəti məni sizinlə tanış etmək idi, bacardı. Özünü təbrik edə bilərsən çılğın jurnalist çoxlarının çəkindiyi, adını tutmağa iyrəndiyi Nigarı sən 6 gündü yazırsan.Mən Nigar. Bir ölkənin, bir rayonunun, bir kəndində anadan olmuşam. Mən 3 aylıq olanda anam rayonumuza gəlmiş Bakılı bir oğlana qoşulub qaçıb. Atam həmin vaxt əsgərlikdə imiş. Qayıtdıqdan sonra məni “detdom”a vermək istəyib, amma nənəm razı olmayıb. 12 yaşıma qədər nənəmin himayəsində böyümüşəm. 13-cü yaş günümdə nənəmi itirmişəm. Nənəmin ölümü ilə bütün həyatımı da itirdim. Mən 13 yaşımda nələri itirmədim ki. Bəkarətimi itirdim.(Əmimoğlu əsgərlikdən məzuniyyətə gəldi və məni zorladı). Mən 13 yaşımda pis-yaxşı olan ailəmi itirdim. (Mənim zorlandığımı bilən atam və əmim məni Bakıdakı internat tipli məktəbə yazdırdılar). Mən 13 yaşımda ismətimi itirdim. (İnternat müdiri tərəfindən tez-tez onunla yatağa girməyə məcbur oldum. Heç kimi yox idi və heç kimə deyə bilməzdim). Mən 13 yaşımda doğruluğu itirdim. (Peşəmə xas bir yalan fantaziyası formalaşırdı məndə). Mən 13 yaşımda xoşbəxtliyimi itirdim. (Artıq bədbəxtliyə doğru addımlayırdım). Amma internatda yeganə qazandığım şey riyaziyyat müəlliməm oldu. O məni hazırlaşdırdı və mən 18 yaşımda universitetə girdim. Çox nadir görünən hal idi amma mən girdim. İnandırım sizi universitet vaxtı mən fahişəlik etməmişəm və həmişə düşünmüşəm ki, ərə getməsəm də müəllimə kimi işləyəcəm. Alınmadı “detdom” uşağına heç kim iş vermədi.
Öz ayaqlarım üzərində dura bilmədim. Qalmağa yerim və yaşamağa pulum yox idi. Parklarda çox yatdım. Küçələrdə çox qaldım. Diləndim amma hər pul verən əlin-ayağın var cavan qızsan niyə gedib işləmirsən dedi? Bu sözlərdən utandım və ofisiant kimi işə düzəldim. Qalmağa yer verdilər və gündəlik 5 manat pul. Amma 2 aydan sonra kafe sahibi açıq aşkar qalmalısansa yerin pulun ödəməlisən dedi,ödəmirsənsə birlikdə bir şey fikirləşək. Mənə 1 aylıq verdiyi pulun 2 qatını dedi qaçdım. Yenə küçələrdə idim. Artıq məqsədim özümü öldürmək idi, amma internatda oxuduğum rəfiqəm imkan vermədi. Məni öz yaşadığı evə apardı. 3-4 gündən sonra evlərinə gələn müxtəlif kişilərlə yatmalı oldum. Daha sonra zənglərlə görüşə getməyə başladıq. Artıq alışmışam. Bədənimdə yad kişi nəfəsi hiss etmək məni iyrəndirsə də, bu murdarlığa alışmışam. Yalan dolu dünyaya alışmışam. Amma o gənc məni Maqdalena hiss edirdi. Hətta mənim üçün mələk də yazmışdı. Burdan ona səslənirəm ki, camaatı aldatma mən elə murdar iyrənc fahişəyəm. Özüdə mən fahişə doğulmuşam. Dilənə bilmədim, işləyə bilmədim, çünki mən belə doğulmuşam. 3 aylıq olanda anam məni satmışdı gözəl yaşamın bizdən gizlətdiyi iyrənc əllərinə. Sonra o iyrənc əllərdə böyüdümsə təmiz ola bilməzdim. Hamınızı düz başa düşürəm əziz oxucular bəli mənə haqq qazandırmaq olmaz.
Sağollaşmaq istəyirəm həm öz adımdan həm də çılğın jurnalistin adından. Hə bir də övladlarınız soruşanda ki, biz necə əmələ gəlirik onlara sizi bazardan almışıq deməyin. Çünki alınan mal nə vaxtsa satılmağa məhkumdu. Tərbiyəni elə verin ki, daha Nigarlar olmasın. Onları müzakirəyə çıxaran çılğın jurnalistlərin əlinə fürsət düşməsin.