Bu ilin may ayında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Avropa Gününə həsr olunmuş "Mənim Avropam" uşaq rəsm müsabiqəsi keçirib.
Euintegration.az saytının məlumatına görə, uşaqlar rəsmlər vasitəsilə Avropa barədə bilgilərini, düşüncələrini və Azərbaycanın Avropada yerini necə gördüklərini nümayiş etdiriblər. Rəsmlərin qalibləri 2 yaş kateqoriyasında (5-9 və 10-14 yaş arasında) münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. 1 iyun - Beynəlxalq Uşaq Günündə Avropa İttifaqının səfiri Roland Kobia və Rəssamlar İttifaqının Katibi Ağalı İbrahimov qalibləri mükafatlandıracaqlar. Birinci yerin qaliblərinə iPad2, ikinci yerin qaliblərinə isə iPod hədiyyələri veriləcək. Bütün iştirakçılar sertifikatla təltif olunaraq, Avropa İttifaqından hədiyyələr alacaqlar.