“Mənim Prezidentim” Gənclər Təşəbbüs Qrupunun “Park Bulvar” AVM-də həyata keçirdiyi “Mənim Prezidentim günləri” kampaniyası artıq yekunlaşıb.
AZXEBER.COM xəbər verir ki, təşəbbüs qrupu möhtəşəm bir bağlanış mərasimi keçirərək “Park Bulvar” AVM-ni bütünlüklə qırmızı rəngə “boyayıb”. Belə ki, Təşəbbüs Qrupunun bir qrup gənc üzvləri AVM-nin ziyarətçilərinə qırmızı zərflərdə arzular çatdırıblar. Tədbir çərçivəsində gənclər Tünzalə Ağayevanın ifa etdiyi “Mənim Prezidentim” himninin sədaları altında əllərindəki qırmızı lentlərlə rəqs ediblər. Sonda 400 gənclər əllərindəki qırmızı lentləri dörd mərtəbədən aşağı sallayaraq AVM-nin mərkəzini bütünlüklə qırmızı yağışa boyayıblar. Qeyd edək ki, “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu Prezidentimizin son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədi ilə yaradılıb. Təşəbbüs qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək üçün fb.com/mypresident.az səhifəsinə və qoşulmaq üçün www.mp2013.az səhifəsinə daxil olmaq kifayətdir.





